...

Azərbaycan gəncləri sosial şəbəkələrdəki təxribatçı ideyaları dəstəkləmirlər - hakim partiyanın sədr müavini

Siyasət Materials 10 Mart 2011 11:24 (UTC +04:00)
Azərbaycanda gənclər yüksək səviyyəli təhsil almaq, müxtəlif faydalı işlərlə məşğul olmaqla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak etməlidirlər.
Azərbaycan gəncləri sosial şəbəkələrdəki təxribatçı ideyaları dəstəkləmirlər - hakim partiyanın sədr müavini

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda gənclər yüksək səviyyəli təhsil almaq, müxtəlif faydalı işlərlə məşğul olmaqla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak etməlidirlər. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov partiyanın gənc fəalları ilə görüşündə bildirib.

"Ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bu amilə böyük önəm verir. Son 20 ildə ölkə əhalisinin sayı 2 milyon nəfər artıb. 1990-cı illərin əvvəlində Azərbaycan əhalisinin sayı 7 milyon idi. İndi isə bu göstərici 9 milyonu ötüb. Demoqrafik göstəricilər baxımından gənclərin mövqeyi yüksəkdir. Təbii ki, insan amili hər bir cəmiyyətin başlıca potensialıdır, hər bir millətin sərvətidir, dəyəridir. Azərbaycan gəncliyi yaxşı təhsil almış, müasir texnologiyaya yiyələnən, istedadlı gənclikdir. Bu isə etibarlı gələcək deməkdir. Ancaq bununla yanaşı, istəyirik ki, belə gənclər ölkənin ictimai-siyasi həyatında da fəal olsunlar", - Əhmədov deyib. Məlumatı cümə axşamı YAP-ın rəsmi saytı yayıb.

Əhmədov bildirib ki, Azərbaycan hökuməti gəncliyin inkişafı ilə bağlı vacib tədbirlər həyata keçirir, gənclərin yüksək təhsil alması, öz bilik və bacarıqlarını, potensiallarını nümayiş etdirməsi üçün müvafiq addımlar atır.

"Bildiyiniz kimi hökumətimiz tərəfindən gənclərimizin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almaları ilə bağlı Dövlət Proqramı həyata keçirilir. Hesab edirəm ki, həmin gənclər təhsillərini uğurla başa vuraraq dövlətimizin inkişafı istiqamətində öz töhfələrini verəcəklər. Bu gün Azərbaycan sürətlə inkişaf edir, bütün sahələr üzrə böyük uğurlar qazanır. Gənclər bizim gələcəyimizdir və ölkəmizin sabahı onlarla bağlıdır" - o, vurğulayıb.

Əhmədov qeyd edib ki, bu gün Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə də, dövlətin xüsusi diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir. Məhz bunun nəticəsidir ki, bu gün gənclərimiz Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək onlara göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışır və bu istiqamətdə səylərini davam etdirirlər.

Hazırda YAP üzvlərinin sayının 530 minə çatdığını deyən Əhmədov bildirib ki, partiyada təmsil olunanların 40 faizini məhz gənclər təşkil edir.

YAP sədrinin müavini son vaxtlar bir neçə müxalifət partiyasının nəzarətində olan və xüsusilə də ölkədən kənardakı dairələrlə əlaqəyə malik bir qrup gəncin sosial şəbəkələr vasitəsilə müəyyən çağırışlar etdiyini, təxribatçı ideyalar ortaya atdığını bildirib.

"Birmənalı şəkildə bildirmək istəyirəm ki, Azərbaycan gəncləri bu ideyaları dəstəkləmirlər. Belə çağırışlara səs verənlərin sırasında çoxlu sayda ermənilər var. Azərbaycan torpaqlarını işğal etmiş ermənilər tərəfindən dəstəklənən bir ideyanın ölkəmizin əleyhinə olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki Azərbaycanın xeyrinə olan ideyalar heç vaxt ermənilər tərəfindən dəstəklənməz. Təklif edərdim ki, bu gənclər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı çağırışlar etsinlər. Bütün Azərbaycan gənclərinə üz tutub demək istəyirəm ki, ermənilərin dəstəklədikləri şüarları irəli sürən gənclərlə bir yerdə ola bilməzsiniz", - Əhmədov deyib.

Xəbər lenti

Xəbər lenti