...

Azərbaycan müxalifətində daxili intriqalar uğursuzluğa gətirib çıxarır - partiya sədri

Siyasət Materials 16 Mart 2011 15:35 (UTC +04:00)
Azərbaycan müxalifətində daxili intriqalar və lazım olmayan rəqabət ümumi nəticəsizliyə, uğursuzluğa gətirib çıxarır. Bu barədə çərşənbə günü Trend-ə Müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.
Azərbaycan müxalifətində daxili intriqalar uğursuzluğa gətirib çıxarır - partiya sədri

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycan müxalifətində daxili intriqalar və lazım olmayan rəqabət ümumi nəticəsizliyə, uğursuzluğa gətirib çıxarır. Bu barədə çərşənbə günü Trend-ə Müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, təmsil olunduğu partiya və Liberal Partiyası (ALP) digər müxalif partiyaları şəxsi intriqaları kənara qoyaraq birləşməyə çağırır.

"Bizim verdiyimiz təklif qüvvədədir, lakin hələ də Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının mövqeyini bilmirik. Biz bu gün hər iki partiyanın sədrlərinə təklif ünvanlayacağıq. Onların mövqeyini bildikdən sonra inteqrasiyanın mümkünlüyü barədə təəssüratımız formalaşacaq", - o əlavə edib.

Partiya sədri qeyd edib ki, ALP və VİP tərəfindən irəli sürülən təklif müxalifətin mərhələlli şəkildə inteqrasiyasını əks etdirir.

"Bizim partiyaların dərin inamı ondan ibarətdir ki, müxalifətin inteqrasiyası qaçılmazdır. Ölkədə ikiqütblü siyasi müstəvi yaranmayna qədər Azərbaycanda siyasi proseslərin uğurundan danışmaq mümkün olmayacaq. Biz düşünürük ki, ölkədə təsir gücünə malik olan səkkiz partiya bir araya gəlsin, daha sonra ölkədəki digər təşkilatlar, hətta cəmiyyətə təsir imkanı olan ictimai və siyasi xadimlər də bu birliyə cəlb olunsun", - Əliyev deyib.

O bildirib ki, bu birliyi heç bir halda İctimai Palataya alternativ hesab etmək olmaz.

Əliyev partiya təmsilçilərini şəxsi intriqaları da kənara qoymağa çağırıb.

"Bizim qənaətimiz və dərin inamımız bundan ibarətdir ki, Azərbaycanın milli maraqları müzakirə mövzusu olduğu halda, şəxsi münasibətlər kənara qoyulmalıdır. Bizim partiyaların şəxsi zəmində və haqlı olaraq bir sıra partiyalara iradları qalmaqdadır. 8 partiya arasında antoqanist münasibətlərə malik olduğumuz siyasi təşkilatlar da var. Bütün bunlara baxmayaraq, müxalifətin bir araya gəlməsi naminə şəxsi maraqlarımızı kənara qoyub bu təklifi irəli sürmüşük. Hamı anlamalıdır ki, ölkənin siyasi inkişafı üçün şəraitin yarandığı bir vaxtda şəxsi münasibətlər kənara qoyulmalıdır", - Əliyev vurğulayıb.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Əli Əliyevin fikirlərinə münasibət bildirərkən deyib ki, siyasət elə bir fəaliyyət növüdür ki, burada hər zaman subyektiv amillər rol oynayır.

"Hər hansı ideyanı reallaşdırmaq mümkün olmursa, deməli, həmin ideyada problem düzgün qoyulmayıb və reallıqlardan çıxış etmir. Belə bir vəziyyətdə ideyaları reallaşdırmaq mümkün olmursa, günahı şəxsi intriqaların üzərinə yıxmaq da mümkün deyil. Problem düzgün qoyulduqda, irəli sürülən təklif reallığı özündə əks etdirdikdə heç bir şəxsi intriqa onun qarşısını ala bilməz", - Cəlaloğlu Trend-ə bildirib.

AXCP və Müsavat Partiyasından bu məsələyə şərh verməkdən imtina ediblər.

Xəbər lenti

Xəbər lenti