...

Azərbaycaycanın Liviyadakı səfirliyi fəaliyyətini dayandıra bilər - səfir

Siyasət Materials 21 Mart 2011 14:22 (UTC +04:00)
İmkan düşən kimi Azərbaycanın Liviyadakı səfirliyinin əməkdaşları bu ölkəni tərk edə bilərlər. Bunu bazar ertəsi Trend-ə Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov deyib.
Azərbaycaycanın Liviyadakı səfirliyi fəaliyyətini dayandıra bilər - səfir

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir T.Hacıyev/

İmkan düşən kimi Azərbaycanın Liviyadakı səfirliyinin əməkdaşları bu ölkəni tərk edə bilərlər. Bunu bazar ertəsi Trend-ə Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov deyib.

"Burada vəziyyət pisdir. Gecələr raket və bomba zərbələri endirilir, gündüzlər isə sakitlik olur. Səfirliyin əməkdaşları özlərini yaxşı hiss edirlər və səfirlik öz işini əvvəlki qaydada davam etdirir. İmkan düşən kimi, ölkəni tərk etmək istisna olunmur", - Şükürov əlavə edib.

Onun sözlərinə görə, hazırda diplomatik nümayəndəlikdə səfirlə birlikdə dörd nəfər fəaliyyət göstərir.

Səfir qeyd edib ki, hava və dəniz yolu bağlı olduğuna görə hələlik ölkəni tərk etmək mümkün deyil.

"Quru yol daha da təhlükəlidir. Tripolinin özündə qalmaq quru yolla hərəkət etməkdən daha təhlükəsizdir. Burada 117-yə yaxın səfirlik var idi. Bu səfirliklərin çoxu fəaliyyətlərini dayandırıblar. Türkiyə, Ukrayna, Belarus, Rusiya, İordaniya, Mərakeş, Serbiya və başqa bir neçə səfirlik hələ də fəaliyyətlərini davam etdirirlər. Başqa səfirliklər də müvəqqəti işlər vəkili səviyyəsində qalıblar", - Şükürov əlavə edib.

Səfir Şükürov onu da bildirib ki, Liviyada olan bütün Azərbaycan vətəndaşları ölkədən təxliyyə olunub.

Səfirliyin əməkdaşlarından başqa burada azərbaycanlılar qalmayıb.

"Burada qalan azərbaycanlılar Liviya vətəndaşları ilə ailə qurmuş qadınlardır. Onlar da ölkəni tərk etmək fikrində olmadıqlarını deyiblər. Bizim siyahımızda olan bütün azərbaycanlıları ölkədən çıxarmışıq. Başqa azərbaycanlı yoxdur", - Şükürov bildirib.

Martın 17-də BMT-nin Təhlükəsizlik Şurası Liviya üzərindən uçuşları qadağan edən və ölkə ərazisinə hərbi müdaxilə nəzərdə tutan 1973 saylı qətnamə qəbul edib.

Hərbi əməliyyatlar şənbə günü başlayıb. Əməliyyatlarda ABŞ, Britaniya, Fransa, İtaliya və Kanada hərbi qüvvələri iştirak edir.

Xəbər lenti

Xəbər lenti