Gürcüstan, Tbilisi, 26 aprel /Trend, müxbir N.Kirsxaliya/
Əhalisi azərbaycanlılardan ibarət olan Axtakliya (Kvemo Kartli regionu, Şərqi Gürcüstan) kəndini artıq Kürün daşması təhlükəsi gözləmir. Kənddə sahilbərkitmə işlərinin ilk mərhələsi başa çatıb.
Bir neçə gün əvvəl güclü yağışların yağması səbəbindən bu ərazidə Kür öz məcrasından çıxaraq ətraf əraziləri basmışdı. 10 ev təhlükə altında idi. Orada yaşayan azərbaycanlılar evlərini tərk edərək qohumlarının yanına köçmüşdülər.
Hadisə yerinə xüsusi xidmət qüvvələri göndərilib və onlar sahilbərkitmə işləri ilə məşğul oublar. Ölkənin energetika naziri Aleksandr Xetaquri, regional idarəetmə və infrastruktur naziri Ramaz Nikolaişvili əraziyə gələrək vəziyyətlə tanış olublar. İşlərə regionun qubernatoru David Kirkitadze nəzarət edib.
Trend-ə müsahibəsində o qeyd edib ki, əgər elə həmin gün qəti tədbirlər görülməsəydi, 10 ev artıq burada olmayacaqdı. "Betondan müvəqqəti müdafiə vasitələri qoyulub. Bunlar sahilin müvəqqəti bərkidilməsidir, yaxın vaxtlarda bu problemi birdəfəlik həll etmək məqsədilə ehtiyat fonddan daha əsaslı sədlərin tikilməsi üçün vəsait ayrılacaq", - Kirkitadze bəyan edib.