Üçüncü abzasdan sonrakı hissə əlavə edilib (ilk xəbər 11:05-də yayılıb)
Azərbaycan, Bakı, 4 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda xarici ölkə serverlərində yerləşdirilmiş, Azərbaycan dilində fəaliyyət göstərən bir sıra saytlar və informasiya resursları kiber terrorizm təzahürləri kimi müəyyən edilib. Trend-in məlumatına görə, bunu çərşənbə günü "Kiber və milli təhlükəsizlik: NATO siyasəti və milli baxış" mövzusunda keçirilən "dəyirmi masa"da Milli Təhlükəsizlik Nazirliyinin şöbə müdiri Kərim Kərimov deyib.
"Kiber terrorizm təzahürləri olaraq, xarici ölkə serverlərində yerləşdirilmiş, Azərbaycan dilində fəaliyyət göstərən bir sıra saytlar və informasiya resursları müəyyən edilib. Həm MTN, həm Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin digər qurumlarla birgə apardıqları tədbirlər zamanı onların fəaliyyətinin dayandırılmasına nail olunub" , - Kərimov əlavə edib.
Araşdırmalar zamanı müəyyən edilib ki, bu saytlar milli dini qarşıdurma, qanunsuz silahlı dəstələrin yaradılması, terror və dini radikal təşkilatların sıralarına cəlb edilmə, partlayıcı qurğuların hazırlanması, istifadəsi üçün təlimatların yayılmasına yönəldilib.
Kərimov deyib ki, qərəzli və qeyri-obyektiv qüvvələr tərəfindən süni yollarla, təhrif olunmuş məlumatların yerləşdirilməsi nəticəsində istifadəçilər tərəfindən qəbul və istinad edilən bir sıra tanınmış informasiya resursları və portalları nüfuzdan düşmək üzrədir.
"Buna misal olaraq, elektron ensiklopediya olan vikipediyanı göstərmək olar. Burada Azərbaycan haqqında çox vaxt məkirli qüvvələr tərəfindən qərəzli məlumatlar yerləşdirilir. Azərbaycanı tanımayan şəxslər həmin məlumatlar əsasında yanlış informasiya alırlar. Bu isə Azərbaycanın nüfuzuna və iqtisadiyyatına mənfi təsir göstərir", - MTN rəsmisi bildirib.
Kərimov deyib ki, bu problemin aradan qaldırılması çətin olsa da, məsələnin həlli üçün beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən müzakirələr aparılır və mütəmadi tədbirlər görülür.
"Separatçı, millətçi, irqçi radikal qüvvələr tərəfindən yanlış ideoloji təbliğatın aparılması ilə bağlı internet resursları artıb. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini internet məkanında da davam etdirir. Bu təhdidlər Ermənistanın öz internet seqmenti ilə yanaşı, qonşu dövlətlərin ərazisindən də edilir. Son vaxtlar Azərbaycanın iki nazirliyinin internet saytlarına kompüter şəbəkəsi və informasiya resurslarından təhdidlər olub. Qonşu dövlətlərdəki tərəfdaşlarımızla apardığımız araşdırmalar zamanı Ermənistan vətəndaşlarının əməlləri ifşa olunub", - Kərimov əlavə edilib.
MTN rəsmisi bildirib ki, informasiya əldə olunması məqsədilə xüsusi texniki vasitələrin satışının internet vasitəsi ilə aparılması geniş yayılıb. Adətən, elektron pul köçürmələri xidmətlərindən istifadə edilərkən, qanunsuz əməliyyat-axtarış fəaliyyətləri aparılması halları insanların hüquq və azadlıqlarına təhdidlər yaradır.
"İnternet kanallarından beynəlxalq rabitə vasitəsi kimi istifadə olunaraq qanunsuz xidmətlərin təşkil edilməsi ilə rastlaşırıq. Bunlar özünü telekommunikasiya trafikinin oğurlanmasında göstərir. Son vaxtlar bu cinayətlərin sayı artıb. Əsasən, müxtəlif ölkələrə ucuz telefon danışıqları təqdim etmək adı ilə texniki imkanları məhdud olan virtual şirkətlər yaradılır və onlar imkanlarından artıq rabitə trafikini ötürür. Lakin keyfiyyətli və stabil ötürə bilmir, nəticədə kanallarda tıxaclar yaranır. Ötürülə bilməyən rabitə trafiki təyinatı üzrə çatmır. Bəzi şirkətlər isə müxtəlif mətnlərdə anonslar verməklə müştəriləri aldadır, onlar üçün narahatlıq yaradırlar", - Kərimov əlavə edib.
MTN rəsmisinin sözlərinə görə, internet vasitəsi ilə parnoqrafik, uşaq parnoqrafiyası ilə bağlı materialların, narkotik vasitələrin satışı hallarına da rast gəlinir. Kompüter şəbəkəsi vasitəsi ilə mühüm əhəmiyyətli dövlət infrastrukturlarına, insan həyatına hücumlar müşahidə olunur. Virtual aləmdə kiber terrorizm təzahürlərinə tez-tez rast gəlinir.
Kərimov deyib ki, informasiya texnologiyalarının imkanlarından öz qanunsuz fəaliyyətlərini həyata keçirmək üçün istifadə edən qüvvələr, kriminal elementlər, terrorçular milli təhlükəsizliyə kiber təhdidlər yaradırlar. Azərbaycanda kiber cinayətkarlıq və təhdidlər həm ölkə daxilində, həm də xaricdən edilməklə, transmilli xarakter daşıyır.
"Kompyuter şəbəkələri vasitəsilə informasiyaların məhv edilməsi, dəyişdirilməsi və təkzib olunması, internetdə müəllif hüquqlarının pozulması, informasiyanın ələ keçirilməsi, kompyuterlərin və onların şəbəkələrinin ələ keçirilməsinə yönələn virus proqramlarının yayılması, bank və maliyyə fırıldaqlarının törədilməsi, plastik kart məlumatlarının qanunsuz yolla əldə edilərək istifadə olunması, çirkli pulların yuyulması hallarına rast gəlinir", - MTN rəsmisi deyib.