Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.Tariverdiyeva/
Azərbaycanın Los-Ancelesdəki (ABŞ) baş konsulu Elin Süleymanov Amerikanın aparıcı "Beynəlxalq siyasət üzrə Sakit okean Şurası" (Pacific Council on International Policy) akademik mərkəzinin illik konfransı çərçivəsində keçirilən seminarda Azərbaycanın Avrasiyadakı strateji rolu və ölkənin mədəniyyətlərarası dialoqa töhfəsini qeyd edib. Bu barədə Trend-ə Baş konsulluqdan məlumat verilib.
Buna nümunə kimi Azərbaycanda bu mövzuya həsr olunmuş forum göstərilib. Diplomat tolerantlığın möhkəmləndirilməsinin, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, regional inteqrasiyanın və demokratik institutların uzunmüddətli inkişaf perspektivlərinin yaradılması üçün radikalizmdən imtina edilməsinin mühümlüyünü qeyd edib.
Azərbaycanla ABŞ arasında təhlükəsizlik və enerji layihələri sahəsində uğurlu əməkdaşlığa toxunan baş konsul rəsmi Vaşinqton tərəfindən regiona ardıcıl yanaşmanın vacib olduğunu bildirib.
Seminarda azərbaycanlı diplomatla yanaşı, İsrailin baş konsulu Ceykob Dayan, Macarıstanın baş konsulu Balaş Bokor, RAND analitik mərkəzinin əməkdaşı Daliya Key və Çapman Universitetinin professoru Ceyms Koyl da çıxış ediblər. Tədbir iştirakçıları Yaxın Şərqdə hadisələrin inkişafını, ABŞ-ın regiondakı siyasətini və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.