...

Elmar Məmmədyarov Yaponiya xarici işlər nazirinin müavinini qəbul edib

Siyasət Materials 6 May 2011 18:43 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Yaponiya xarici işlər nazirinin müavini Hisaşi Tokunaqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Yaponiya xarici işlər nazirinin müavinini qəbul edib

Azərbaycan, Bakı, 6 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Yaponiya xarici işlər nazirinin müavini Hisaşi Tokunaqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə cümə günü Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Tokunaqa Yaponiyanın xarici işlər naziri Takeaki Matsumotonun adından Azərbaycanın xarici işlər nazirinə ünvanlanmış təşəkkür məktubunu təqdim edərək, Yaponiyada baş vermiş təbii fəlakətlə bağlı Azərbaycanın onun ölkəsinə həm mənəvi, həm də maddi dəstəyini yüksək qiymətləndirdiyini söyləyib. O, Azərbaycan tərəfinin bu addımını iki ölkə arasındakı dostluq rəmzi kimi qiymətləndirib. Daha sonra yaponiyalı rəsmi ölkəsinin üzləşdiyi faciənin nəticələrinin aradan qaldırılması istiqamətində görülən bərpa işləri barədə məlumat verib.

Nazir Məmmədyarov Yaponiya xalqının ağır günlərdən keçdiyini qeyd edərək, bərpa müddətinin tezliklə bitməsinə ümid etdiyini və Azərbaycanın bundan sonra da Yaponiyaya yardım göstərməyə hazır olduğunu vurğulayıb. Məmmədyarov Azərbaycanın evsiz-eşiksiz insanların acısını dərk etdiyini və paylaşdığını qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü və apardığı etnik təmizləmə siyasəti nəticəsində ölkəmizdə 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bildirib.

Görüş zamanı ikitərəfli münasibətlərin inkişafının, siyasi, iqtisadi və enerji kimi sahələrdə dialoqun davam etdirilməsinin vacibliyi qeyd edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti