Azərbaycan, Bakı, 12 may /Trend, müxbir M.Əliyev/
Buenos-Ayresdə kitablardan ibarət "Babil Qülləsi"nin tikintisində Azərbaycan kitablarından da istifadə olunub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Argentinanın paytaxtı Buenos-Ayres şəhəri YUNESKO tərəfindən 2011-ci il Dünya Kitab Paytaxtı elan edilib. Bu münasibətlə Buenos-Ayresin mərkəzi San Martin meydanında argentinalı heykəltəraş və rəssam Marta Minuxin tərəfindən kitablardan simvolik Babil Qülləsi tikilib. Həmin qüllənin tikintisi üçün müxtəlif dillərdə 30 min kitabdan istifadə olunub. Qüllənin tikilməsinin məqsədi bəşəriyyətin problemlərdən xilasının kitab, mütaliə və maariflənməkdə olması ideyasını təşviq etməkdir.
Bu qüllənin tikintisi üçün Buenos-Ayres şəhər meriyası tərəfindən həyata keçirilmiş aksiyada Azərbaycanın Argentinadakı səfirliyi yaxından iştirak edib. Qüllənin tikintisi üçün səfirlik tərəfindən təqdim olunmuş ölkəmizin hazırkı reallıqları, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ümummilli Lider Heydər Əliyev, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, mətbəxi, ənənələri haqqında çoxsaylı kitab və nəşrlər qüllədə yer alıb.
Simvolik Babil Qülləsi bir ay müddətində ziyarətçilər üçün açıq olacaq və sonra qüllənin tikintisində istifadə olunmuş kitablar əsasında Argentinanın ilk çoxdilli kitabxanası yaradılacaq.