Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Ürək Günləri" Beynəlxalq Konqresinin iştirakçılarına müraciət edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
"Sizi - Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri səmimi qəlbdən salamlayır, Konqresinizin işinə uğurlar, hər birinizə cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram", - müraciətdə deyilir.
Prezident İlham Əliyev bildirib ki, bu il öz dövlət müstəqilliyinin bərpasının iyirmi illiyini qeyd edən Azərbaycanda səhiyyə sisteminin inkişafı, o cümlədən kardiologiyanın beynəlxalq standartlar səviyyəsinə qaldırılması istiqamətində çox işlər görülüb.
"Paytaxtda və regionlarda müasir tipli tibb müəssisələrinin qurulması və onların zəruri avadanlıqla təchiz olunması əhalinin sağlamlığının qorunması üçün lazımi şərait yaratmışdır. Əminəm ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual problemlərinin müzakirəsi həm bizim həkimlərə beynəlxalq təcrübədən faydalanmaq imkanı verəcək, həm də respublikamızda təbabətin inkişafı üçün yeni perspektivlər açacaqdır.
Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik olan bu Konqres Azərbaycan kardioloqlarının xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək və ümumilikdə tibb elminə öz layiqli töhfələrini verəcəkdir", - müraciətdə qeyd olunur.