...

Mehriban Əliyeva: Zəngin mədəni irs bu gün Azərbaycanın vizit kartıdır (FOTO)

Siyasət Materials 18 May 2011 12:47 (UTC +04:00)
Çərşənbə axşamı Moskvada Kreml Dövlət Sarayında Azərbaycan gecəsi açılıb. Gecə çərçivəsində "Azərbaycan" kitabının təqdimatı, Azərbaycan xalçalarının sərgisi, eləcə də respublikanın incəsənət ustalarının konserti keçirilib. Tədbir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və iştirakı ilə təşkil edilib.
Mehriban Əliyeva: Zəngin mədəni irs bu gün Azərbaycanın vizit kartıdır (FOTO)

Rusiya, Moskva, 18 may /Trend, müxbir İ.Bragina/

Çərşənbə axşamı Moskvada Kreml Dövlət Sarayında Azərbaycan gecəsi açılıb. Gecə çərçivəsində "Azərbaycan" kitabının təqdimatı, Azərbaycan xalçalarının sərgisi, eləcə də respublikanın incəsənət ustalarının konserti keçirilib. Trend-in məlumatına görə, tədbir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və iştirakı ilə təşkil edilib.

Tədbirdə Rusiyanın birinci xanımı Svetlana Medvedeva iştirak edib. Azərbaycan və Rusiyanın birinci xanımları xalça sərgisinə tamaşa ediblər, Bakı və Azərbaycanın yeni simasına həsr olunmuş fotosərgi ilə tanış olublar.

Gecənin aparıcısı Vladimir Molçanov qonaqları "Eurovision-2011" müsabiqəsində Azərbaycanın qələbəsi münasibətilə təbrik edib.

Tədbirdə Mehriban xanım Əliyeva çıxış edib. "Hər şeydən əvvəl, icazə verin Sizi Azərbaycan gecəsində salamlayım və bu gün bizimlə olduğunuza görə Sizə təşəkkürümü bildirim. Mən Rusiya Federasiyasının birinci xanımına bu gecədə iştirak etdiyinə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu yüksək tribunadan istifadə edərək, "Eurovision" musiqi müsabiqəsində Azərbaycan duetinə səs verənlərə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz hamımız Azərbaycanda sözlə ifadə edilməsi çətin olan hisslər keçiririk. Bu, qələbəyə görə qürur hissidir, gənclərimizə görə qürur hissidir, ölkəmizə görə qürur hissidir. Əminəm ki, bütün Rusiya xalqı bir neçə il əvvəl Rusiyanın bu müsabiqədə parlaq qələbə qazandığı zaman bu hissi yaşayıb. İlk 12 bala görə çox sağ ol Rusiya", - Azərbaycanın birinci xanımı bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövlətçiliyinin tarixi qədim köklərə malikdir. "Müasir Azərbaycanın ərazisində yerləşən dövlətlərdə müxtəlif dillərdə danışan, müxtəlif dinlərə etiqad edən insanlar qədimdən sülh və dostluq şəraitində yaşayıblar. Mədəniyyət və sivilizasiyaların tarixi qarışması ona gətirib çıxardı ki, Azərbaycanda tolerantlığın, dözümün və açıqlığın dərin ənənələri yarandı. 1918-ci il mayın 28-də Azərbaycanda yaradılanmüsəlman Şərqində ilk demokratik parlament respublikası da tarixdə öz izini qoydu. Həmin dövr və həmin hadisələr, eləcə də hələ XIX əsrin sonlarında başlamış ilk neft bumu Azərbaycan cəmiyyətində həmin dövr üçün çox qabaqcıl olan keyfiyyət dəyişikliklərinin baş verməsinə gətirib çıxardı" , - Mehriban Əliyeva qeyd edib.

Beləliklə, Azərbaycan qadını səsvermə hüququ qazandı, Azərbaycanın ilk dünyəvi qız məktəbi yaradıldı, siyasi partiyalar meydana çıxdı, azad seçkilər əsasında ilk çoxpartiyalı və çoxmilli parlament yarandı. Müsəlman Şərqində ilk dəfə opera və balet yaradıldı. "Azərbaycanda savadsızlıq tam ləğv edildi, təhsil və mədəniyyət müəssisələri şəbəkəsi yaradıldı, Milli Elmlər Akademiyası fəaliyyət göstərməyə başladı. Biz haqlı olaraq sovet hakimiyyəti illərində ölkəmizin təhsil və mədəniyyət sahəsində nail olduğu uğurlarla fəxr edirik. Xüsusilə neft sənayesində əldə olunan uğurlar təsirli idi. Keçmiş İttifaqda İkinci Bakı, Üçüncü Bakı kimi terminlərin mövcudluğu ölkəmizdə yaradılanhəmin nüfuzlu məktəbin sübutudur", - Mehriban Əliyeva qeyd edib. O bildirib ki, İkinci Dünya müharibəsi illərində lazım olan yanacağın 90 faizini tədarük edən Azərbaycan faşizm üzərindəki qələbəyə öz unikal töhfəsini verdi.

"Həmin illərdə ölkəmizdə rusdilli mədəni təhsil məkanı yarandı. Biz rus mədəniyyətində iştirak fenomenini yüksək qiymətləndiririk. Və bu gün də ölkəmizdə əvvəlki kimi, həm orta, həm də ali təhsildə rus dili tədris edilir. Ölkədə Rus Dram Teatrı, Rusiya Mədəniyyət Mərkəzi, Slavyan Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Ötən ilin yanvarında birgə Rusiya-Azərbaycan Humanitar Forumu təşkil olundu. Bu ilin oktyabrında Rusiya ilə birgə beynəlxalq Bakı Humanitar Forumunun keçirilməsi planlaşdırılır. Əminəm ki, bu hadisə bizim dost mehriban qonşuluq münasibətlərimizin daha bir sübutu olacaq", - Azərbaycanın birinci xanımı deyib.

O bildirib ki, mədəni müxtəliflik, müxtəlif dünya mədəniyyətlərinə hörmət Azərbaycan xalqı üçün ənənədir. "Bu gün zəngin rus mədəniyyətini öyrənmək və qoruyub saxlamaqla biz mənən daha da zənginləşirik", - Mehriban Əliyeva deyib.

Onun sözlərinə görə, qədim mədəniyyətə və tarixə malik olan Azərbaycan müstəqil dövlət kimi dünya xəritəsində yalnız 20 ildir mövcuddur. "Ayrıca bir insanın həyatında 20 il kifayət qədər uzun müddətdir, tarix üçün isə bu, bir andır. Bu qısa zaman kəsiyində biz təsirli nəticələr əldə etməyə nail olmuşuq. Azərbaycanın iqtisadi inkişafının templəri rəsmən rekord kimi təsdiq edilib. Cənubi Qafqaz ölkələrinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Ölkədə neft, qaz, nəqliyyat, logistika sahəsində irimiqyaslı layihələr uğurla həyata keçirilir. Bu gün Azərbaycanda yürüdülən siyasət parlaq ifadə edilmiş sosial xarakterə malikdir. 2003-cü ildən Azərbaycanda iki mindən artıq yeni məktəb tikilib, 900 min yeni iş yeri yaradılıb, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizədək azalıb. Yeni tibb mərkəzləri və xəstəxanalar yaradılır və tikilir, teatrlar, muzeylər və parklar bəra edilir, idman və Olimpiya kompleksləri inşa edilir. Turizm sektoru uğurla inkişaf edir. Onu demək kifayətdir ki, təkcə bu il dövlətimizin paytaxtı olan Bakıda altı beşulduzlu otelin açılacağı gözlənilir", - Mehriban Əliyeva bildirib.

Birinci xanım qeyd edib ki, nailiyyətlərlə yanaşı problemlər də mövcuddur, onlardan ən böyüyü indiyədək öz həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. "Hərbi təcavüz nəticəsində ərazilərimizin 20 faizi işğal altındadır, ölkədə bir milyon qaçqın və məcburi köçkün var. Azərbaycan bu münaqişənin tezliklə beynəlxalq hüquq çərçivəsində həll olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə, bütün qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə qayıdacaqlarına ümid edir", - Mehriban Əliyeva bildirib.

Vaxt var idi Azərbaycanı ilk neft fontanının baş verdiyi ölkə kimi tanıyırdılar. "Bu gün ölkənin vizit kartı zəngin mədəni irsimizdir. Bu qədim xalçaçılıq, miniatür sənəti məktəbi, zəngin poeziya və ədəbiyyat, Azərbaycan musiqisi və rəqsləri, Azərbaycan muğamı, tarix və memarlıq abidələri və sairədir. Bu gün Rusiya Federasiyasının paytaxtında biz bu atmosferin bir parçasını yaratmağa cəhd etdik. Və çox ümid edirik ki, Siz bugünkü gecədən zövq alacaqsınız və Sizdə qədim Odlar Yurduna, Azərbaycana səfər etmək istəyi yaranacaq. Demək istəyirəm ki, biz azərbaycanlılar həmişə Sizi görməyə şadıq. Azərbaycana xoş gəlmisiniz! Mən Rusiya Federasiyasına, bütün rus xalqına sülh və çiçəklənmə arzu edirəm. Mən Sizə, doğmalarınıza və əzizlərinizə can sağlığı, xoşbəxtlik və bol-bol sevgi arzu edirəm. Qoy Tanrı Rusiya və Azərbaycanı hifz etsin", - Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirib.

Mehriban xanım Əliyevanın çıxışından sonra Azərbaycan incəsənət ustalarının konserti keçirilib.

Konsert başa çatdıqdan sonra Azərbaycan və Rusiyanın birinci xanımları adından qəbul təşkil edilib.

Foto - AzerTag

Xəbər lenti

Xəbər lenti