Azərbaycan, Bakı, 19 may /Trend/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Eurovision-2011" mahnı müsabiqəsində qalib gələn Azərbaycan təmsilçilərini təbrik edib.
Trend-in "Anadolu" Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan Nigar Camal və Eldar Qasımova telefonla zəng edib.
Baş nazir hər iki ifaçını ayrı-ayrılıqda təbrik edib.
Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision-2011" müsabiqəsinin qalibi oldu.
56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision-2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").
Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.
Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.