Gürcüstan, Tbilisi, 23 may /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan müxalifəti Prezident Mixail Saakaşvilini hakimiyyətdən devirmək üçün kifayət sayda adam toplaya bilməyib. Trend-in məlumatına görə, bu barədə "Asaval-Dasavali" nəşrinin bügünkü sayına müsahibəsində Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze bildirib.
"Ötən il mayın 26-da müxalifət 60 minə yaxın insan toplaya bilmişdi, lakin bundan sonra hakimiyyət ictimaiyyəti qorxuda bildi və bu gün həmin aktivlik yoxdur. Hələlik hakimiyyət qarşısında qorxu inqilabi enerjidən güclüdür", - o hesab edir.
Şevardnadze onu da bildirib ki, inqilabi əhval-ruhiyyənin yaranmasına müxalifət düşərgəsində birliyin olmaması da mane olur. "Burcanadze və Levan Qaçeçiladzenin birləşməsi müxalifətin birləşməsi yolunda çox mühüm addımdır", - o deyib.
Eks-prezident bazar günü Gürcüstanın İctimai Yayım binasının yanında baş verən insidenti də pisləyib. Belə ki, nümayişçilər polis avtomobilinə hücum etdikdən sonra polis nümayişçilərə qarşı rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib. "Bu, yolverilməzdir, çünki heç bir hakimiyyət qan axıdılmasına dəyməz", - o deyib.
Şevardnadzenin sözlərinə görə, o, belə vəziyyətdə istefaya gedərdi, lakin Saakaşvili "axıradək gedəcək və öz postunu tərk etməyəcək".
Gürcüstanın radikal müxalifəti artıq üçüncü gündür ki, Prezident Mixail Saakaşvilnin istefa verməsi tələbi ilə mitinq keçirir. Müxalifətə kömək üçün Saakaşvilinin keçmiş silahdaşı, keçmiş müdafiə naziri İrakli Okruaşvili Tbilisiyə gələcəyinin vəd edib. O artıq bir neçə ildir ki, xaricdə Gürcüstan hakimiyyətindən gizlənir.