...

BAXCP "Eurovison-2012" ilə əlaqədar partiyaları icazəsiz aksiyalar keçirməməyə çağırır

Siyasət Materials 23 May 2011 14:24 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) "Eurovison-2012" ilə əlaqədar partiyaları icazəsiz aksiyalar keçirməməyə çağırır.
BAXCP "Eurovison-2012" ilə əlaqədar partiyaları icazəsiz aksiyalar keçirməməyə çağırır

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir T.Hacıyev/

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) "Eurovison-2012" ilə əlaqədar partiyaları icazəsiz aksiyalar keçirməməyə çağırır.

Partiya hesab edir ki, "Eurovision-2012" mahnı müsabiqəsi başa çatanadək bütün siyasi qüvvələr razılaşdırılmamış aksiyalara moratorium qoymalıdırlar. Trend-in partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu fikirlər BAXCP-nin idarə heyətinin bazar ertəsi keçirilən iclasında səslənib.

BAXCP idarə heyəti hesab edir ki, "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili və keçirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə yeni və geniş perspektivlər aça bilər. BAXCP-nin qəbul etdiyi bəyanatda qeyd olunub ki, partiya "Eurovision-2012" müsabiqəsinin Bakıda keçirilməsinə böyük mədəni-tarixi hadisə kimi yanaşır və ölkənin bütün siyasi qüvvələrini bu hadisəyə məsuliyyətlə yanaşmağa çağırır. BAXCP idarə heyəti hesab edir ki, "Eurovision-2012" mahnı müsabiqəsi başa çatanadək bütün siyasi qüvvələr ölkədə gərginlik yarada biləcək davranışlara yol verməməli və bir il müddətinə zorakılığa, qarşıdurmalara, həbslərə yol açacaq bütün razılaşdırılmamış aksiyalara moratorium qoymalıdırlar.

"Biz nəyin bahasına olursa-olsun, "Eurovision-2012" müsabiqəsinin Azərbaycanda keçirilməsindən əndişələnən və ölkəmizin əleyhinə bütün istiqamətlərdə "qara piar" kampaniyası aparmaqla müsabiqənin gətirə biləcəyi pozitiv dividendlərin üzərinə öncədən kölgə salmağa çalışan xarici qüvvələrə qarşı vahid mövqedə dayanmalı, müsabiqənin yüksək səviyyədə təşkilinə və keçirilməsinə öz töhfəmizi verməliyik", - partiyanın bəyanatında bildirilib.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision-2011" müsabiqəsinin qalibi oldu.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision-2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.

Xəbər lenti

Xəbər lenti