Azərbaycan, Bakı, 26 may /Trend/
Azərbaycanın Macarıstandakı səfirliyi və Macarıstanın Kopoşvar Universitetinin birgə təşəbbüsü ilə səfirlikdə universitetin incəsənət fakültəsinin tələbə və müəllimlərinin əsərlərindən ibarət sərgi təşkil olunub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 illiyinə həsr olunmuş sərgidə 50-dən çox rəsm əsəri, qrafika, bədii foto və tətbiqi sənət nümunələri nümayiş etdirilib. Sərginin açılışı zamanı səfir Vilayət Quliyev və Kapoşvar Universiteti incəsənət fakültəsinin dekanı Erjebet Linger çıxış ediblər.
Səfir son 20 il ərzində müstəqil Azərbaycanın keçdiyi yol, ölkəmizdə incəsənətin müxtəlif sahələrinə göstərilən qayğı və diqqət, rəssamlarımızın sənət uğurları haqqında məlumat verib.
Kapoşvar Universitetinin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, bu ilin oktyabr ayında incəsənət fakültəsi tələbələrinin Azərbaycana həsr olunmuş əsərlərinin müsabiqəsi keçiriləcək.