...

Gürcüstanda baş verən hadisələr bəzi beynəlxalq təşkilatların məsələlərə ikili standarla yanaşdığını göstərdi - deputat

Siyasət Materials 26 May 2011 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir T.Hacıyev/

Gürcüstanda baş verən hadisələr bəzi beynəlxalq təşkilatların məsələlərə ikili standartlarla yanaşdığını açıq göstərdi. Bunu cümə axşamı Trend-ə millət vəkili Aydın Mirzəzadə bildirib.

"Gürcüstanda dünən baş verən hadisələrə təəssüflənirik. Çox istərdik ki, qonşu Gürcüstanda problemlər qanun çərçivəsində həll edilsin. Bununla belə, hadisə baş verib və bütün dünyanın diqqəti ondadır" - Mirzəzadə əlavə edib.

Onun sözlərinə görə, Gürcüstanda baş verən hadisələr zamanı maraqlı məsələ ortaya çıxıb.

"Azərbaycanda bundan qat-qat zəif keçirilən aksiyalar zamanı Azərbaycanı qınayan, onu insan hüquqlarına hörmətsizlikdə ittiham edənlər nədənsə, bu məsələdə susdular. Gürcüstanda aksiyaların dağıdılması zamanı iki nəfərin öldürülməsi, aksiyaların çox zorakılıqla dağıdılması və Mixail Saakaşvilinin aksiya iştirakçılarını zorakılıqda ittiham etməsinə beynəlxalq təşkilatlar göz yumdular. Həmişə ədalətdən danışan müəyyən beynəlxalq dairələr sadəcə olaraq ikili standartlara meyllidirlər, müəyyən halda məsələni demokratiya, digər halda qeyri-demokratiya kimi elan etmək vərdişindədirlər. Bunun özü göstərir ki, Azərbaycana münasibət necə də qərəzli olub. Məsələyə məsuliyyətlə yox, özlərinin müəyyən marağı baxımından yanaşıblar", - o vurğulayıb.

Gürcüstanda müxalifətin mayın 25-də keçirilən aksiyasının dağıdılması zamanı iki nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti