Azərbaycan, Bakı, 27 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycan beynəlxalq ictimaiyyətə özünün açıq, milli və dini baxımdan tolerant ölkə olduğunu göstərir, Ermənistanla bağlı isə bunları demək mümkün deyil. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşar bildirib.
"Ermənistanda sosial vəziyyət gərgindir. Dini tolerantlığın olduğunu demək isə mümkün deyil", - Blanşar deyib.
Blanşar Azərbaycan və Belçika parlamentlərinin əlaqələri barədə danışaraq deyib ki, sentyabrda dostluq qrupunun görüşü nəzərdə tutulur. Görüş çərçivəsində parlamentlərarası əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq və deputatlar bir-biriləri ilə
təcrübələrini bölüşəcəklər.
Görüşün hansı ölkədə keçiriləcəyi barədə hələ ki qərar verilməyib.
"Azərbaycanın millət vəkilləri Belçika haqqında kifayət qədər məlumatlıdırlar. Belçikalı deputatlar haqqında isə bunu demək mümkün deyil. İstəyirik ki, belçikalı deputatların Azərbaycana səfərləri mütəmadi xarakter daşısın və onlar Azərbaycanın inkişafı ilə yaxından tanış olsunlar", - o, əlavə edib.