...

Misirin "Cumhuriyyə" qəzetinin bir səhifəsi Azərbaycana həsr edilib

Siyasət Materials 28 May 2011 15:59 (UTC +04:00)
Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi və 28 May Respublika günü münasibətilə Misirin və ərəb dünyasının aparıcı qəzetlərindən olan "Cumhuriyyə" qəzetinin 28 may tarixli nömrəsinin bir səhifəsi "Azərbaycanın İstiqlaliyyəti" sərlövhəsi altında respublikamıza həsr edilib.
Misirin "Cumhuriyyə" qəzetinin bir səhifəsi Azərbaycana həsr edilib

Azərbaycan, Bakı, 28 may /Trend/

Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi və 28 May Respublika günü münasibətilə Misirin və ərəb dünyasının aparıcı qəzetlərindən olan "Cumhuriyyə" qəzetinin 28 may tarixli nömrəsinin bir səhifəsi "Azərbaycanın İstiqlaliyyəti" sərlövhəsi altında respublikamıza həsr edilib.

"Cumhuriyyə" qəzeti gündəlik əsasda yarım milyon tirajla nəşr edilir. Bundan əlavə, qəzetin elektron versiyası Misir və onun hüdudlarından kənarda çoxsaylı ərəbdilli oxucu tərəfindən izlənilir.

Azərbaycanın Misirdəki səfirliyi tərəfindən təqdim olunan xüsusi səhifədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və yaradıcılığı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli inkişafı, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası və onun varisi olaraq təşəkkül tapmış müstəqil Azərbaycan Respublikasının 20 illik müstəqillik yolu, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun fəsadları, Azərbaycanın neft tarixi, Azərbaycanın turizm potensialı, Azərbaycan xalçaları, xalqımızın mətbəxi və Azərbaycan-Misir əlaqələri haqqında məqalələr öz əksini tapıb.

Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən məqalədə ümummilli liderin dövlət təhlükəsizlik orqanları, Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi, SSRİ Baş nazirinin müavini və nəhayət müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti haqqında məlumat verilərək, Heydər Əliyevin uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq, davamlı inkişaf mərhələsinə qədəm qoyduğu bildirilir və onun gördüyü misilsiz işlər haqqında məlumat verilir.

Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycanın ictimai-siyasi həyatın, iqtisadiyyatın, mədəniyyət və incəsənətin bütün sahələrində əldə etdiyi uğurları haqqında məlumat verilən məqalədə Azərbaycanın regionun lider dövləti olduğu və beynəlxalq sülh və təhlükəsizliyə, humanitar əməliyyatlara töhfə verən dövlət olduğu vurğulanır.

Şərqin ilk demokratik respublikasının Azərbaycanda təsis edildiyini diqqətə çəkən digər məqalədə 23 ay həyat sürən və sonradan sovet-bolşevik işğalına məruz qalan Azərbaycan Demokratik Respublikasında qərb ölkələrindən xeyli öncə qadınlara siyasi hüquqlar verildiyi diqqətə çatdırılaraq, ADR-in varisi olan Azərbaycanın 20 illik uğur və nailiyyətlər dolu müstəqillik yoluna nəzər salınır.

Ermənistan-Azərbaycan münaqişəsi: işğal və təcavüz adlanan məqalədə münaqişənin tarixi, ermənilərin tarixi Azərbaycan torpaqlarında məskunlaşması, Xocalı faciəsi, Azərbaycanın işğal olunmuş ərazilərində İslam dini və mədəniyyətinə aid olan abidələrin talan edilməsi, danışıqlar prosesində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyi barəsində oxuculara ətraflı məlumat verilir.

Azərbaycanın neft tarixindən bəhs edən məqalədə erkən orta əsrlərdə ərəb və Avropa səyyahlarının Bakı nefti barəsində söylədikləri fikirlərə istinad edilərək, dünyada ilk neft quyusunun Azərbaycanda qazıldığı, neft sənayesi sahəsində əksər yeniliklərin ilk dəfə Bakıda tətbiq edildiyi, Bakı neftinin II Dünya müharibəsində oynadığı həlledici rolu, "Əsrin müqaviləsi" və Azərbaycanın neft-qaz sənayesinin müasir mərhələsi, Dövlət neft fondunun fəaliyyəti və neft gəlirlərinin şəffaf idarəçiliyi mexanizminə toxunulur.

2011-ci ilin Azərbaycanda turizm ili elan olunduğunu nəzərə alaraq, Azərbaycanın turizm imkanları, mədəniyyəti, incəsənəti, mətbəxi və Azərbaycan xalçaçılıq sənəti barəsində də oxuculara məlumat verilir.

Xəbər lenti

Xəbər lenti