...

Kanadanın Ontario əyalətinin parlamentində Azərbaycanın Respublika Günü ilə bağlı bəyanat səsləndirilib

Siyasət Materials 1 İyun 2011 03:21 (UTC +04:00)
Çərşənbə axşamı Kanadanın Ontario əyalətinin parlamentində millət vəkili Monte Kvinter (Monte Kwinter) tərəfindən Azərbaycanın Respublika gününün qeyd edilməsi ilə bağlı bəyanat səsləndirilmişdir.
Kanadanın Ontario əyalətinin parlamentində Azərbaycanın Respublika Günü ilə bağlı bəyanat səsləndirilib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Çərşənbə axşamı Kanadanın Ontario əyalətinin parlamentində millət vəkili Monte Kvinter (Monte Kwinter) tərəfindən Azərbaycanın Respublika gününün qeyd edilməsi ilə bağlı bəyanat səsləndirilmişdir. Bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin məlumatında bildirilir.

Kvinter tərəfindən verilən bəyanatda 1918-ci ildə Azərbaycanın Rusiya imperiyasından ayrılaraq öz müstəqilliyini elan etdiyi, Azərbaycanın müsəlman dünyasında ilk demokratik respublika olduğu və ölkəmizin bir çox Qərb ölkələrindən əvvəl qadınların seçki hüququnu tanıdığı bildirilmişdir.

Bəyanatda, həmçinin, Azərbaycanın 1991-ci ildə ikinci dəfə müstəqillik əldə etdiyi və bu il müasir və dünyəvi Azərbaycan Respublikasının 20-ci ildönümünün qeyd olunduğu vurğulanmışdır. Ölkəmizin son illər ərzində bəzi təhdidlər ilə üzləşməsinə baxmayaraq, xüsusilə iqtisadiyyatın inkişafı və yoxsulluğun azaldılması sahəsində mühüm nailiyyətlər əldə etdiyi bəyanatda öz əksini tapmışdır. Azərbaycanın nailiyyətlərinin Dünya Bankı və Dünya İqtisadi Forumu tərəfindən müsbət qarşılandığı bəyanatda qeyd olunmuşdur. Ölkəmizin eyni zamanda, mühüm regional layihələr həyata keçirdiyi vurğulanmışdır.

Bəyanatın sonunda Azərbaycanın terrorçuluğa qarşı mübarizədə oynadığı vacib siyasi rol və Kanada əsgərləri ilə birgə ölkəmizin sülhməramlılarının Əfqanıstanda xidmət keçmələrinə diqqət yönəldilmişdir.

Xəbər lenti

Xəbər lenti