Azərbaycan, Bakı, 16 iyun /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyada ikitərəfli əlaqələrin perspektivlərini muzakirə edir. Bu barədə Trend-ə cümə axşamı Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, Məmmədyarov iyunun 16-da İspaniyanın Sənaye, Turizm və Ticarət Nazirliyinin xarici ticarət üzrə dövlət katibi Alfredo Bonet ilə görüşüb.
Görüşdə Məmmədyarov ilə Bonet ölkələr arasında əlaqələrin cari vəziyyəti, onların inkişaf etdirilməsi və yeni mərhələyə çıxarılması perspektivləri, bunun üçün mövcud olan potensial, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın incəlikləri və Azərbaycanda İspaniya səfirliyinin açılmasının vacibliyi barədə fikir mübadiləsi aparıb.
Görüş zamanı Məmmədyarov Azərbaycanın son illərdəki iqtisadi imkişafı və əldə olunan nailiyyətləri, neft və qaz siyasəti, o cümlədən ixrac həcmləri və bu sahənin şəffaflığı, neftdən gələn gəlirlərin paylaşdırılması, ölkə iqtisadiyyatının diversifikasiyası prosesi, respublikada həyata keçirilən iri layihələr və təşəbbüslər barədə qarşı tərəfə məlumat verib.
Bonet öz növbəsində İspaniyanın iqtisadi xarici siyasəti, əsas ticarət tərəfdaşları barədə məlumat verib, Latın Amerikasında sərmayələr yatırılması üzrə İspaniyanın ABŞ-dan sonra ikinci yerdə olduğunu bildirib. Dövlət katibi Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını, bu sahədə ispan şirkətlərinin fəal olmasının vacibliyini qeyd edib.
Məmmədyarov iki ölkə arasında Biznes Forumunun təşkil olunmasının vacibliyini, həmin Forumun məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətini, bu tədbirə önəm verilməsi üçün İspaniyanın yüksək vəzifəli rəsmisinin forum iştirakçıları ilə ölkəmizə səfər etməsinin vacibliyini vurğulayıb.
Məmmədyarovun İtaliyaya səfəri Azərbaycanın müstəqilliyi bərpa ediləndən bəri iki ölkə arasında həyata keçirilən ilk rəsmi səfərdir.
Məmmədyarov İspaniyanın aparıcı qəzetlərindən olan "El Mundo" qəzetinə iki ölkə arasında mövcud əlaqələr və onların inkişaf perspektivləri barədə müsahibə verib.