Azərbaycan, Bakı, 28 iyun /Trend/
Hazırda Azərbaycan diasporu erməni lobbisinin Azərbaycanın maraqlarına zidd fəaliyyətini zərərsizləşdirmək iqtidarındadır. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
Onun sözlərinə görə, erməni lobbisi böyük tarixə, hakimiyyət və qanunverici strukturlarla sıx əlaqələrə malikdir və öz düşmənçiliyini davam etdirir. Amma artıq hökumətdə və seçkili orqanlarda təmsil olunmağa başlayan, rəsmi strukturlarla əlaqələr yaratmış Azərbaycan diasporu erməni lobbisinin fəaliyyətinin bütün istiqamətləri üzrə ona tutarlı cavab verməyə qadirdir.
"Artıq erməni lobbisi əvvəlki kimi hər istədiyinə nail ola bilmir. Bizim səylərimiz sayəsində Azərbaycan diasporu bir neçə dəfə erməni lobbisinin dünya ictimaiyyətində Azərbaycan haqqında mənfi rəy yaratmaq cəhdinin qarşısını almağa müvəffəq olub. Sözsüz ki, ermənilərin Azərbaycan əleyhinə təbliğatı daim aparılır. Ona görə də biz həmişə "döyüş hazırlığı" vəziyyətindəyik. Azərbaycan dövlətinin apardığı xarici siyasət kursu sayəsində Azərbaycan dövlətinin maraqları ilə dünyanın aparıcı dövlətlərinin maraqları bir sıra məqamlarda üst-üstə düşür və ermənilərin bu cəhdləri iflasa uğrayır. Misal olaraq, bir vaxtlar Bakı-Tbilisi-Qars layihəsini və yaxud bir neçə ay əvvəl Azərbaycanın süni peykini buraxmasını əngəlləmək üçün erməni lobbisinin göstərdiyi cəhdlərin iflasa uğramasını göstərmək olar", - İbrahimov deyib.
Komitə sədri qeyd edib ki, lobbinin formalaşdırılması kifayət qədər mürəkkəb sosial-psixoloji və siyasi prosesdir. Lobbi konkret maraqların müdafiəsi üzrə güc mərkəzidir və burada diaspor təşkilatları və dövlət aparatı qarşılıqlı şəkildə fəaliyyət göstərməlidirlər.
"Hazırda bir sıra dünya xalqları lobbi formalaşdırılması təcrübəsinə malikdirlər və Azərbaycan öz maraqlarından çıxış edərək onlardan istifadə etməlidir. Bütün bunlar bizim üçün yenidir. Deyə bilərəm ki, bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub. Konkret faktları açıqlamaq düzgün olmazdı. Bununla belə, deyə bilərəm ki, "Azərbaycan lobbisi" ifadəsi artıq utopiya deyil, tezliklə biz hamımız güclü Azərbaycan lobbisinin şahidi olacağıq", - İbrahimov bildirib.
Hazırda dünyanın müxtəlif ölkələrində, Azərbaycanın 410-dan çox diaspor təşkilatı fəaliyyət göstərir