Azərbaycan, Bakı, 12 avqust /Trend/
Azərbaycanın vergilər naziri Fazil Məmmədov yanacaqdoldurma məntəqələrində yeni nəzarət-kassa aparatlarının tətbiqi haqqında əmr imzalayıb.
Vergilər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, "Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında" Nazirlər Kabinetinin 11 iyul 2011-ci il tarixli 111 nömrəli Qərarının icrasının təmin edilməsi məqsədi ilə Vergilər naziri Fazil Məmmədov müvafiq əmr imzalayıb.
Əmrdə 2012-ci il yanvar ayının 1-nə qədər hazırda Azərbaycan ərazisindəki yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatlarının onların istehlakçıları tərəfindən Dövlət reyestrinə daxil edilmiş, xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, o cümlədən çek verilmədən neft məhsullarının və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edən yeni nəzarət-kassa aparatları ilə əvəz olunması və onların qeydiyyata alınması ilə bağlı bir sıra işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Yeni nəzarət-kassa aparatlarının tətbiqi ilə əlaqədar görüləcək tədbirlərin qrafiki təsdiq edilmişdir.