...

Qraçya Qalustyan: Yerli vətənpərvərliyin spesifikası: kim dizi üstə deyilsə, o, Vətən xainidir!

Siyasət Materials 16 Avqust 2011 18:53 (UTC +04:00)
Qraçya Qalustyan: Yerli vətənpərvərliyin spesifikası: kim dizi üstə deyilsə, o, Vətən xainidir!
Qraçya Qalustyan: Yerli vətənpərvərliyin spesifikası: kim dizi üstə deyilsə, o, Vətən xainidir!

Qraçya Qalustyan - Qafqaz Strateji Araşdırmalar Mərkəzi üçün

Diz üstündə dayanaraq dilənçi həyatına görə minnətdarlıq etməyənlər Vətənə xəyanətdə günahlandırılırlar.

Ermənistan artıq iki onillikdir ki, prezidentlərimizin görüşləri istisna olmaqla, Azərbaycanla heç bir əlaqəyə malik deyil. Buradan da məntiqi olaraq belə bir fikir irəli gəlir ki, bəlalarımızın günahkarlarını öz dövlətimizin daxilində axtarmaq pis olmazdı. Lakin belə tamamilə məntiqi fikri səsləndirən adam meydana çıxan kimi onu dərhal Vətən xaini elan edirlər.

Belələrinin sırasına son dəfə "Cənubi Qafqaz inteqrasiyası: Alternativ start" "ictimai təşkilatı"nın rəhbəri Georgi Vanyan düşüb. Bu cənabla şəxsən tanışlığım yoxdur və ona görə də onun fəaliyyətini birmənalı qiymətləndirə bilmərəm. Lakin hansısa "Susmayacağıq" gənclər təşəbbüsü milli təhlükəsizlik orqanlarını cinayət işi qaldırmağa və Vanyan barəsində təhqiqata başlamağa çağıranda, yeri gəlmişkən, onu əclaf adlandıranda, hansısa günahsızlıq prizumpsiyasının əksinə olaraq, onu öz anasını satmağa hazır olmağa görə ittiham etdikdə vəziyyətin özü məni danışmağa məcbur etdi.

Biz artıq buna qədər yerli ictimaiyyət, mədəniyyət, ziyalı və siyasət nümayəndələrinin qonşularla - Azərbaycan bizim qonşularımızdan biridir - normal münasibətlər qurulmasının vacibliyindən danışarkən nələrin baş verdiyini, onun üzərinə ədəbsizlik və obstruksiya dəyənəyinin yağdığını görmüşük.

Nisbətən daha görünməmiş hadisə SSRİ xalq artisti, "Amazqain" teatrının rəhbəri Sos Sarkisyanın dahi aktyorumuz Armen Ciqarxanyanı "özü də nə danışdığını bilməyən dahi təlxək" adlandırması oldu. Və bütün bunlar ona görə idi ki, Armen Borisoviç ermənilər və azərbaycanlılar arasında münaqişəsiz bir dövrün olduğu barədə həqiqəti demişdi. Bu, xalqlarımızın gec-tez razılaşması lazım gələcəyi qədər həqiqətdir. Lakin, əlbəttə, vətənpərvər kimi tanınmaq daha asandır, Vətənin şərəfini müdafiə edən, satqınları damğalayan kimi tanınmaq daha asandır, nəinki hakimiyyətin ünvanına tənqidi fikirlər səsləndirmək. Bütün bunları o kəslərə deyirəm ki, onlar güzgüyə baxmağı, hər şeyə görə düşmənlərimizi günahlandırmazdan əvvəl öz evlərində problemləri anlamağı təklif edən Armen Ciqarxanyana, yerli politoloqlara, hüquq müdafiəçilərinə və bizim KİV-ə çəlləklərlə palçıq atırdılar.

Bu mövqe öz şəxsi fikri olmadan buyruq qulu olan heç kəsə sərfəli deyil. Onların sadəcə olaraq bəxti gətirib ki, dünyada Azərbaycan var. Bütün bəlaları üzərinə tökməyə kimsə var. Mağazalarda qiymətlər artıb? Bunda əlbəttə ki, Azərbaycan günahkardır. Müxalifətçiləri həbs edirlər? Yenə Azərbaycan suları bulandırır. Yerevanın mərkəzindəki köşkləri sökürlər, adamları bir tikə çörəkdən məhrum edirlər? Aydın məsələdir, burada da Azərbaycansız keçinmədilər. Orduda "dedovşina", korrupsiya, regionçuluq? Bütün bunları lənətə gəlmiş Azərbaycan qarışdırır. Növbəti və ya növbədənkənar seçkilər saxtalaşdırılacaq? Yenə aydın məsələdir, Azərbaycan günahkardır. Yaşamaq üçün mübarizədən yorulan xalq Ermənistanı həmişəlik tərk edir? Təkrar etməkdən yoruldum ki, bu Azərbaycanın günahıdır.

Nə deyəsən, rahat mövqedir. Bu mövqe bircə hərəkətlə yerli bandokratiyanı öz xalqına qarşı bütün cinayətlərə görə məsuliyyətdən azad edir. Onların isə çoxlu belə cinayətləri var. Lakin qəribə təsadüf üzündən, heç bir gənclər təşəbbüsü hakimiyyətin cinayətlərinin araşdırılmasını təklif etmir. Onlar susurlar və düşünməyi belə ağıllarına gətirmirlər ki, Saşa Sarkisyanın ABŞ-da daşınmaz əmlak almaq üçün pulu haradandır və ya ölkə əhalisinin gəlirlərinin sürətlə azalması fonunda yerli oliqarxların var-dövləti nə üçün artır? Doğrudur, hamıya məlumdur ki, Ermənistanda hər şeyi bilmək həvəsi və lazım olmayan mövzuya maraq ölümə bərabərdir.

Bütün baş verənləri nəzərdən keçirərkən istər-istəməz dahi Bomarşı və onun "Jorj Danden" komediyasını xatırlayırsan. Orada gənc Anjelika ilə evlənərək onun zadəganlığını əlindən alan bir cənabdan bəhs edilir. Nəticədə bu xanım ərinə gen-bol xəyanət edir, bu zaman əri onun xəyanəti ilə bağlı danılmaz sübutlara malik olduğu halda gücsüzdür. Anjelika bütün günahı onun öz üzərinə yıxır və özünün adlı-sanlı valideynləri ilə birləşərək ərini diz çökərək üzr istəməyə məcbur edir.

Bizim ölkəmizdə də oxşar vəziyyətdir. Hakimiyyət hər şeydə səhvə yol verir, xalq isə əlində hakimiyyətin günahları ilə bağlı çoxlu dəlillərə malik olduğu halda, onu devirməyə gücü çatmır. Hələ üstəlik adamları diz üstə duraraq yaşamaq imkanı üçün təşəkkür etməyə vadar edirlər. Diz çöküb dilənçi yaşayışına görə minnətdarlıq etmək istəməyənləri isə Vətənə xəyanətdə günahlandırırlar. Halbuki öz xalqına atəş açan və hər gün onu qarət edən rejimin sifarişlərinə xidmət etməyin vətənpərvərliyə heç bir aidiyyəti yoxdur.

Xəbər lenti

Xəbər lenti