...

ASAİF-in 9-cu ənənəvi "Bakı Gənclər Şəhəri" yay forumu öz işinə başlayıb (ƏLAVƏ OLUNUB)(FOTO)

Siyasət Materials 26 Avqust 2011 13:13 (UTC +04:00)
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) 9-cu ənənəvi "Bakı Gənclər Şəhəri" yay forumu cümə günü Bakıda öz işinə başlayıb.
ASAİF-in 9-cu ənənəvi "Bakı Gənclər Şəhəri" yay forumu öz işinə başlayıb (ƏLAVƏ OLUNUB)(FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 11:27-də yayılıb)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir M.Əliyev/

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) 9-cu ənənəvi "Bakı Gənclər Şəhəri" yay forumu cümə günü Bakıda öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirin açılışında təhsil naziri Misir Mərdanov bildirib ki, bu gün 10 minə yaxın azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində təhsil alır.

"Bu gün azərbaycanlıların xaricdə təhsil alması nəzarətdə saxlanılır ki, həmin şəxslərin sonradan Azərbaycanda işlə təmin olunması məsələsi həll edilsin", - Mərdanov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün dünyanın ən stabil, iqtisadiyyatı sürətlə inkişaf edən ölkəsi kimi tanınır və ölkə rəhbərliyi təhsil sahəsinə xüsusi diqqət yetirir.

Nazir qeyd edib ki, Azərbaycanın 10 illik təhsil strategiyası hazırlanır. Yaxın zamanlarda Azərbaycan Prezidentinin strategiyanın təsdiq olunması ilə bağlı müvafiq sərəncamı gözlənilir.

Gənclər və idman naziri Azad Rəhimov tədbirin açılışında bildirib ki, xaricdə təhsil alan hər bir gənc ilk növbədə seçdiyi ixtisas üzrə yüksək biliklər qazanmalıdır və peşəkar olaraq ölkənin inkişafında iştirak etməlidir.

"Bununla yanaşı, xaricdə oxuyan tələbələrimiz vətəndaş mövqeyini nümayiş etdirərək Azərbaycanın milli maraqlarını təhsil aldıqları dövlətlərdə, universitetlərdə təbliğ etməlidirlər", - Rəhimov deyib.

Onun sözlərinə görə, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən, xaricdə təhsil almış gənclərin işlə təmin edilməsinə xüsusi diqqət ayrılır.

"Xaricdə oxuyan tələbələrin "Azərbaycanın gənc dostları" proqramının həyata keçirilməsində və digər layihələrdə fəal iştirakını arzu edirəm", - Rəhimov deyib.

Tədbirin açılışında xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev hazırkı dövrdə elmi tərəqqinin sürətlə inkişaf etdiyini qeyd edərək bildirib ki, Azərbaycan gəncləri onlara verilən imkanlardan lazımınca istifadə etməlidirlər.

"Sizin qarşınızda yeni pəncərələr açılır və onu lazımınca qiymətləndirmək lazımdır", - Paşayev deyib.

Forumda 37 ölkədən 4000-dən çox tələbə iştirak edir. Forumda "Qarabağı tanı və tanıt", "Eurovision-2012 paytaxtını kəşf et", "Azərbaycan sosial mediada", "Azərbaycanın akademik təbliğatı" adlı panellər təşkil olunacaq.

Forumun təntənəli açılışı Səbail rayonunda yerləşən "Kempinski Hotel Badamdar" kompleksində keçirilir. Açılış mərasimində Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, xarici işlər nazirinin müavini Hafiz Paşayev, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak edir.

Xəbər lenti

Xəbər lenti