...

Mərkəzi Seçki Komissiyası Ali Məhkəmə sədrinin səsləndirdiyi fikirlərə münasibət bildirib

Siyasət Materials 8 Sentyabr 2011 17:31 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası Ali Məhkəmənin sədrinin səsləndirdiyi fikirlərə münasibət bildirib.
Mərkəzi Seçki Komissiyası Ali Məhkəmə sədrinin səsləndirdiyi fikirlərə münasibət bildirib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir T.Hacıyev/

Mərkəzi Seçki Komissiyası Ali Məhkəmənin sədrinin səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Avropa Məhkəməsinin qərarının Azərbaycana ziyanı var" fikri vətəndaş mövqeyidir və dövlətin hansısa bir insan haqqının qorunması ilə bağlı ortaya qoyduğu nəticələrin bir o qədər də vətəndaşı qane etməməsindən başqa bir şey deyil", - bu barədə cümə axşamı Trend-ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov deyib.

O qeyd edib ki, MSK heç vaxt fəaliyyətlərinin qüsursuz olduğunu iddia etməyib.

"Hər bir insanın səhv etməsi mümkündür və təbiidir. "Fəaliyyəti elə qurmaq lazımdır ki, məhkəmə qərarı olmasın" kimi düşünməyin özü də real görünmür. Yəni əgər hər hansı bir qüsur olacaqsa, o qüsur müəyyən olunmuş qaydada aradan qaldırılmayacaqsa, onda həmin məsələ barədə müəyyən qərar ola bilər ki, bu qərarlardan biri də məhkəmə qərarıdır", - o əlavə edib.

Məmmədov hesab edir ki, Avropa Məhkəməsində qərar qəbul olunmasının günahını MSK-da və ya digər orqanda axtarmaq fərdi yanaşmadır. Onun sözlərinə görə, bu cür halların səbəblərini seçki münasibətlərindəki kriteriyalarda axtarmaq lazımdır.

Ali Məhkəmənin sədri Ramiz Rzayev çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib ki, çalışmaq lazımdır ki, Avropa Məhkəməsində seçki ilə bağlı Azərbaycanın zərərinə qərarların qəbul olunmasına şərait yaranmasın.

Rzayev qeyd edib ki, seçki hüququnun pozulması ilə bağlı Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi qərarlara görə, dövlət 70-80 min avro cərimə ödəyib. Onun sözlərinə görə, bu pozuntular kütləvi hal alsa, seçki şübhə altında qalar.

"Beş milyondan yuxarı subyektin iştirak etdiyi prosesdə, "ümumiyyətlə, qanun pozuntusu olmayacaq və məhkəmə qərarı olmayacaq" prinsipi düzgün olmaz. Bu cür faktlar hər zaman ola bilər. Bu cür halların maksimum azalması üçün maarifləndirmə işləri aparılır. Biz hamımız birlikdə maariflənməliyik, hüquq və vəzifələrimiz bilməliyik. Bu istiqamətdə də dünya dövlətləri müəyyən müsbət təcrübə əldə ediblər. Bu istiqamətdə bizim də müəyyən müsbət təcrübəmiz var. Bizim yolumuz düzdür. Ola bilsin ki, bizim yolumuz hələ ki, müəyyən sualları cavablandırmayıb, ancaq zaman-zaman o sualların qapanmasının şahidi olacağıq. Vətəndaşların qanunla müəyyən olunmuş hüquqlarının lazımi qaydada və həddə bərpa olunmaması və yaxud hüququn pozulmasının vaxtında qarşısının alınmaması məsələləri cəmiyyətdə hər zaman ola bilər", - MSK rəsmisi vurğulayıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin seçki məsələləri ilə bağlı Azərbaycanın xeyrinə olmayan qərar qəbul etməsi məsələsinə toxunarkən Məmmədov bidirib ki, bu cür qərarlar tək Azərbaycana qarşı deyil.

"Dünyanın inişaf etmiş hər bir ölkəsində belə, həmin dövlətlərə qarşı bu cür qərarlar çıxır. İnkişaf etmiş ölkələrdə də insan haqları ilə bağlı müraciətlər olur, insan haqlarının pozulması ilə bağlı müxtəlif mövqelər olur. Mətbuat Avropa Məhkəməsinin çıxardığı qərarla bağlı məlumatı qəbul edən zaman, yayan zaman o cür qəbul etməməlidir ki, bu böyük bir Azərbaycan üçün böyük bir faciədir. Yalnız Azərbaycan üçün belə neqativ halların olduğunu, başqa dövlətlər üçün olmadığı düşünmək düzgün deyil. Əksinə, başqa fikir var ki, əgər hansısa dövlətdən Avropa Məhkəməsinə nə qədər çox müraciət edirlərsə, dövlət bir o qədər qanunları qorumağa çalışır", - o qeyd edib.

Məmmədov deyib ki, cəmiyyət olaraq hər birimiz üzərimizə düşən vəzifələri, hüquqları bildikdə, onların tətbiqi ilə bağlı daha dürüst olduqda, daha mükəmməl addımlar atdıqda, mübahisələr də olacaq və onların həlli müstəvisi də dəyişəcək.

"İndi Avropa Məhkəməsində həll olunan məsələlər, ola bilsin ki, gələcəkdə mübahisə obyekti olmayacaq. Ümumilikdə Avropa Məhkəməsinin qərarını faciə kimi qəbul etmək lazım deyil. Əlbəttə, əgər ölkənin hansısa qərarı ləğv edilirsə, iddia təmin edilirsə, bunu tərifləmək yerinə düşməz. Amma nəticə çıxarmalıyıq. Biz həmişə nəticə çıxarmışıq və çalışmışıq ki, insan haqları qorunsun. Öz səlahiyyətlərimiz daxilində əlimizdən gələni etmişik və edəcəyik", - MSK-nın sədr müavini bildirib.

Xəbər lenti

Xəbər lenti