...

Bakıda Tacikistanın müstəqillik günü qeyd olunub

Siyasət Materials 9 Sentyabr 2011 00:54 (UTC +04:00)
Bakıda Tacikistanın milli bayramı - müstəqillik günü qeyd olunub. Trend-in məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bakıda Tacikistanın müstəqillik günü qeyd olunub

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bakıda Tacikistanın milli bayramı - müstəqillik günü qeyd olunub. Trend-in məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan səfir Zakir Vəzirov Tacikistanın 20 il ərzində keçdiyi inkişaf yolundan danışıb. Onun sözlərinə görə, Tacikistanın müstəqillik dövrünün ən böyük nailiyyəti - sülh, sabitlik və milli birlikdir ki, bunlar ulu və qədim tacik xalqının iradəsi və Prezident Emoməli Rəhmonun yorulmaz fəaliyyəti sayəsində əldə edilib.

"Mən çox şadam ki, ölkələrimizin və xalqlarımızın talelərinə düşən bütün çətinliklərə baxmayaraq, Tacikistan və Azərbaycan əsrlər boyu davam edən qarşılıqlı səmimi hörmət və sevgi hissini qoruyub saxlamış, bunun daha da möhkəmlənməsi üçün səy göstərirlər." - Vəzirov əlavə edib.

Diplomat Tacikistan-Azərbaycan münasibətlərinə də toxunub.

"İki ölkə arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi və regionda sülhün, tərəqqinin bərqərar olması naminə bundan sonra da dinamik inkişaf edəcək və möhkəmlənəcək." - o vurğulayıb.

Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Prezident İlham Əliyevin adından mərasim iştirakçılarını təbrik edib, Tacikistan xalqına sülh və əmin-amanlıq arzulayıb.

Azərbaycan və Tacikistan əlaqələrinin qədim tarixə malik olduğunu vurğulayan nazir bildirib ki, xalqlarımız əsrlər boyu bu münasibətləri davam etdirərək islam mədəniyyətinə və bəşər sivilizasiyasına böyük töhfələr vermişlər. Xalqlarımız arasında mövcud olan tarixi yaxınlıq iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Qeyd olunub ki, prezidentlər İlham Əliyevin və Emoməli Rəhmonun qarşılıqlı səfərləri siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə zəmin yaradıb.

Xəbər lenti

Xəbər lenti