...

Azərbaycan nümayəndə heyəti AVRONEST PA-nın sessiyasında iştirak edəcək

Siyasət Materials 9 Sentyabr 2011 16:06 (UTC +04:00)
Strasburqda sentyabrın 14-15-də AVRONEST Parlament Assambleyasının ilk sessiyası keçiriləcək.
Azərbaycan nümayəndə heyəti AVRONEST PA-nın sessiyasında iştirak edəcək

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Strasburqda sentyabrın 14-15-də AVRONEST Parlament Assambleyasının ilk sessiyası keçiriləcək.

Millət vəkili, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Trend-ə bildirib ki, onun başçılığı ilə 10 nəfərlik Azərbaycan nümayəndə heyəti sentyabrın 12-də Strasburqa yollanacaq.

Sessiya zamanı 29-30 sentyabr tarixində Varşavada keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti ilə bağlı tövsiyələrin müzakirəsi və müvafiq qərarın qəbul edilməsi planlaşdırılır.

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ermənistan nümayəndə heyətinin təqdim etdiyi düzəlişlərə toxunaraq qeyd edib ki, bu ölkənin nümayəndə heyətinin təklifləri əsasən Ermənistanın enerji siyasətinə qoşulmasından, regional iqtisadi inteqrasiya proseslərində və transmilli layihələrdə iştirakından, Şərq Tərəfdaşlığı ölkələri arasında sərhədlərin silinməsindən və s. ibarət olub.

Lakin Azərbaycan nümayəndə heyəti israrla bu təkliflərin qəbuledilməz olduğunu bildirib, Ermənistanın Azərbaycanın 20 faiz ərazilərini işğal etməsini, 1 milyondan artıq Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün həyatı yaşamasını, Ermənistanın qeyri-konstruktiv mövqe tutmasını, bu dövlətin ümümiyyətlə regionda destruktiv siyasət həyata keçirməsini AVRONEST PA üzvlərinin diqqətinə çatdırıb.

Sessiyanın ilk günündə AVRONEST PA-nın Büro iclası keçiriləcək. Büro iclasının gündəliyində AVRONEST PA-nın 2012-ci ilin may ayında Şərq Tərəfdaşı ölkələrində keçirilməsi ilə bağlı Azərbaycanın təklifi müzakirə ediləcək.

Azərbaycan tərəfi Prosedur Qaydalarının 7-ci maddəsinə uyğun olaraq, AVRONEST PA-nın növbəti sessiyasının Bakıda keçirilməsi təklifi ilə çıxış edib.

Büronun 21 iyun 2011-ci il tarixli iclasında AVRONEST PA-nın növbəti Plenar iclasının 2012-ci ilin may ayında Bakıda keçirilməsi təklifi ilə bağlı səsvermə zamanı Prosedur Qaydaları ilə təyin edilmiş səs çoxluğu toplanılmadığından, məsələnin cari ilin sentyabrında Strasburqda keçiriləcək sessiya zamanı yenidən müzakirə edilməsi və səsə qoyulması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti