...

Türkiyə "Azadlıq donanması 2"-nin göndərilməsinə hazırlaşır - humanitar fondun nümayəndəsi

Siyasət Materials 13 Sentyabr 2011 09:00 (UTC +04:00)
Türkiyə tərəfi "Azadlıq donanması 2"-nin təşkilatçı ölkələri ilə Qəzza sektoruna ikinci humanitar karvanın yola salınması barədə danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə "Azadlıq donanması"nın nümayəndəsi və İnsani Yardım Fondunun (İHH) idarə heyətinin üzvü Hüseyn Oruc bildirib.
Türkiyə "Azadlıq donanması 2"-nin göndərilməsinə hazırlaşır - humanitar fondun nümayəndəsi

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə tərəfi "Azadlıq donanması 2"-nin təşkilatçı ölkələri ilə Qəzza sektoruna ikinci humanitar karvanın yola salınması barədə danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə "Azadlıq donanması"nın nümayəndəsi və İnsani Yardım Fondunun (İHH) idarə heyətinin üzvü Hüseyn Oruc bildirib.

"Azadlıq donanması 2"-də 22 qeyri-hökumət təşkilatı iştirak edəcək. Türkiyə tərəfi donanmanın iştirakçısı olan ölkələrlə razılığa gələn kimi humanitar yardım Qəzzaya yola salınacaq", - Oruc telefonla Trend-ə bildirib.

O, habelə qeyd edib ki, yüklərin Qəzzaya yola salınacağı tarix hələ müəyyən edilməyib.

"Azadlıq donanması 2"-nin Qəzzaya yola salınacağı dəqiq tarix hələ məlum deyil", - Oruc qeyd edib.

2010-cu il mayın 31-də İsrail hərbçiləri Qəzzaya humanitar yük aparan "Azadlıq donanması"na hücum edib. Doqquz Türkiyə vətəndaşının həlak olduğu bu hücumun ardından Türkiyə hökuməti İsraillə münasibətlərə yenidən baxacağını elan edib və İsraildən Türkiyə vətəndaşlarının həlak olması ilə bağlı rəsmi üzr istəməsini və həlak olanların ailələrinə təzminat ödənilməsini tələb edib.

Orucun fikrincə, "Azadlıq donanması" ilə bağlı problemin mənbəyi bu məsələdə özünü təcavüzkar kimi göstərən İsrail tərəfidir.

"Humanitar yüklərin Qəzzaya çatdırılması tamamilə qanuni işdir. Lakin İsrail HHQ-nin humanitar gəmilərə hücum etməsi, nəticədə 9 türk vətəndaşının həlak olması dünya ictimaiyyəti tərəfindən cinayət kimi qiymətləndirilməlidir", - o qeyd edib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın türk hərbi gəmilərin Qəzzaya gedən humanitar karvanı müşayiət etməsinə dair bəyanatını şərh edən Oruc bildirib ki, Türkiyə hakimiyyətinin bu addımı göyərtədəki insanların mühafizəsinə yönəlmiş təbii və qanunauyğun hərəkətdir.

"Azadlıq donanması 2"-nin Türkiyə HHQ-nin gəmiləri ilə müşayiət olunması İsrail xüsusitəyinatlılarının karvana hücumunun qarşısını alacaq. Biz hakimiyyətin bu qərarını tam dəstəkləyirik", - o qeyd edib.

"The New York Times" yazır ki, BMT-nin gəldiyi nəticəyə görə, Qəzza sektorunun dənizdən blokadası qanunidir, lakin İsrail xüsusitəyinatlıları tərəfindən "Azadlıq donanması"nın ələ keçirilməsi zamanı güc tətbiqi həddindən artıq olub.

Xəbər lenti

Xəbər lenti