...

Azərbaycan Prezidenti Bakıda 6 nömrəli məktəbin yenidənqurmadan sonra açılış mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 15 Sentyabr 2011 16:33 (UTC +04:00)
Sentyabrın 15-də - Bilik Günündə Bakının Səbail rayonundakı 6 nömrəli tam orta məktəb yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Azərbaycan Prezidenti Bakıda 6 nömrəli məktəbin yenidənqurmadan sonra açılış mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Sentyabrın 15-də - Bilik Günündə Bakının Səbail rayonundakı 6 nömrəli tam orta məktəb yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Müəllim, şagird və valideynlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Məktəblilər Prezident İlham Əliyevə gül dəstələri təqdim etdilər.

Dövlətimizin başçısı məktəbin həyətinə toplaşanların qarşısında çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, bu gün yenidən qurulan məktəbin tarixində əlamətdar gündür.

Məktəbin böyük tarixə malik olduğunu qeyd edən Prezident İlham Əliyev bu təhsil müəssisənin bir çox məzunlarının Azərbaycanın inkişafına dəyərli töhfələr verdiyini xatırlatdı. Dövlətimizin başçısı yenidənqurma işlərindən sonra məktəbin ən yüksək standartlara cavab verdiyini dedi.

Bildirdi ki, indi bu təhsil ocağında həm müəllmlər, həm də uşaqlar üçün çox gözəl şərait yaradılıb.

Məktəblərin maddi-texniki bazasının möhkəmləndiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, indi əsas məqsəd təhsilin keyfiyyətini yüksəltməkdir.

Təhsil ocağının tarix müəllimi Elmin İmanov 6 nömrəli orta məktəbin qısa müddət ərzində ən yüksək standartlara uyğun qurulduğuna və bütölükdə təhsilə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Valideynlər adından çıxış edən Sevda Katibli təhsildəki köklü dəyişikliklərə görə dövlətimizin başçısına təşəkkürünü çatdırdı. Qeyd etdi ki, ölkədə təhsil sahəsində yaradılan şərait Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın iradəsi və əzmkarlığı sayəsində mümkün olub.

Sonra yeni dərs ilinin ilk zəngi çalındı.

Dövlətimizin başçısı məktəbin şagirdləri ilə xatirə şəkli çəkdirdi, onlarla səmimi söhbət etdi.

Daha sonra Prezident İlham Əliyev məktəbin yenidənqurmadan sonra rəmzi açılışını bildirən lentı kəsdi.

Məktəbin binası qarşısında dövlətimizn başçısı vaxtilə ona dərs deyən müəllimləri ilə görüşdü, onlarla söhbət etdi. Müəllimlər xatirələrini bölüşərək, 6 nömrəli orta məktəbin məzunu olan Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini diqqətlə və böyük fəxr hissi ilə izlədiklərini vurğuladılar.

Dövlətimizin başçısı müəllimləri ilə xatirə şəkli çəkdirdi.

Prezident İlham Əliyev yenidənqurmadan sonra məktəbdə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, altımərtəbəli təhsil müəssisəsində tədrisin müasir tələblər səviyyəsində təşkili üçün ideal imkan yaradılıb. Yenidənqurma işlərindən sonra məktəbin ərazisi genişləndirilərək 13 min kvadratmetrə çatdırılıb. Məktəb 2 min 270 şagird yerlikdir. Bu gün burada 1690 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli liderin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısını əks etdirən fotostend yaradılıb.

Prezident İlham Əliyev siniflərdə dərs prosesi ilə maraqlandı. Dövlətimizin başçısı əvvəlcə bu gün ilk dəfə məktəbə qədəm qoyan birincilərin təhsil aldığı sinfə baxdı, uşaqları yeni dərs ili münasibətilə təbrik etdi.

Yenidənqurma zamanı məktəbdə bütün infrastruktur yenilənmiş, xüsusi təhlükəsizlik sistemi yaradılmışdır. Tədris müəssisəsinin həyətində, dəhlizlərində və sinif otaqlarında baş verən proseslər 14 xarici və 97 daxili videokamera vasitəsilə izlənilir.

Məktəbin ikinci mərtəbəsində Heydər Əliyev Muzeyi yaradılıb. Muzeylə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada ümummilli lider Heydər Əliyev haqqında müxtəlif nəşrlər, ulu öndərin attestatının, diplomunun və tərifnamələrinin surətləri toplanıb. Burada dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair videomateriallar, fotolar da var. Ulu öndər Heydər Əliyev 6 nömrəli orta məktəbdə iki dəfə olub. Birinci dəfə 1977-ci ildə, oğlu, Azərbaycan Prezidenti İlham Əliyev orta məktəbi bitirərkən və 2001-ci il sentyabrın 1-də.

Heydər Əliyev Muzeyində ümummilli liderin "6 nömrəli məktəb həmişə Azərbaycanın nümunəvi, milli məktəblərindən biri olaraq qalacaq" fikri epiqraf seçilmiş xatirə kitabı da var.

Məktəbin konfrans zalında Prezident İlham Əliyev İP beynəlxalq proqramı barədə filmə baxdı. 1968-ci ildə Cenevrədə yaradılan proqram bu ildən 6 nömrəli məktəbdə də tətbiq ediləcək. Ən əsası isə odur ki, təhsil ocağının şagirdləri bu nadir imkandan pulsuz istifadə edəcəklər. Bu il məktəbin 10-cu və 11-ci sinifləri üçün diplom proqramı tətbiq ediləcək. Proqrama əsasən tədris bütün fənlər üzrə yalnız ingilis dilində aparılır. Şagirdlərin təhsili həm ölkə, həm də xarici mütəxəssislər tərəfindən qiymətləndirilir. 45 bal toplayan şagird avtomatik olaraq Oksford, Kembric kimi nüfuzlu təhsil müəssisələrinə daxil olmaq imkanı qazanır. İP diplomu dünyanın 2 min 544 universitetində tanınır. Bu proqramın 6 nömrəli məktəbdə tətbiqi ilə əlaqədar müəllimlər Hamburq və Sürixdə treninqlər keçiblər.

Təhsil müəssisəsinin imza atdığı daha bir yenilik - 10-cu sinifdən profil siniflərin yaradılmasıdır. İndi bu pilot proqram Bakının beş məktəbində tətbiq edilir.

Dövlətimizin başçısı müəllimlər otağına baxdı. Burada daha bir yenilik ondan ibarətdir ki, təcrübə mübadiləsi məqsədilə mətbuat konfranslarının, telekörpülərin keçirilməsi üçün Bakı və Sumqayıtın bir çox məktəbləri ilə birbaşa bağlantını təşkil etmək mümkündür.

Təhsil ocağının bütün sinifləri kompyuter və proyektorlarla, bir çox sinif otaqları isə "ağıllı lövhə" adlandırılan smart lövhələrlə təchiz olunub. Bu interaktiv lövhələr ən son texnologiyalar əsasında qurulub.

Məktəbin üç linqofon kabineti vardır. Hər biri 24 nəfərlik bu sinif otaqlarında ingilis və alman dilləri tədris olunacaq.

Şagirdlərin keyfiyyətli və vaxtında qidalanmasını 186 yerlik yeməkxana və müasir avadanlıqla təchiz olunan mətbəx təmin edəcək.

Dövlətimizin başçısı məktəbin musiqi kabinetinə də baxdı. Burada Azərbaycanın dövlət himni ifa edildi.

Prezident İlham Əliyev məktəb muzeyində də oldu.

Muzeydə toplanan materiallar bir daha təsdiq edir ki, bu məktəb Bakının sayılıb-seçilən təhsil müəssisələrindən biri olub. Məktəb Azərbaycanın inkişafında böyük xidmətləri olan şəxsiyyətlərə təhsil verən komplekslərdən biridir. Burada məktəbin nailiyyətlərini əks etdirən stendlər qurulub, təhsil ocağının direktorlarının, fəxri məzunlarının, fəxri adlara layiq görülən müəllimlərinin fotolarından ibarət güşələr yaradılıb. Muzeydə Azərbaycan Prezidentinin attestatının surəti də var.

Təhsil ocağının direktoru Gülşən Orucova məktəbdə fəxri məzunlar klubunun yaradıldığını bildirərək, bu klubun döş nişanını dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev məktəbin xatirə lövhəsini imzaladı.

Xəbər lenti

Xəbər lenti