Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Bu il ərzində Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Trend-in məlumatına görə, bunu Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybic jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, keçən il iki ölkə arasındakı ticarət dövriyyəsi 150 milyon manat təşkil edib.
2010-cu ildə Azərbaycanda Avstriya səfirliyinin açıldığını xatırladan Mayer-Kaybic deyib ki, həmin tarixdən etibarən iki ölkə arasında ticarət dövriyyəsi artıma doğru gedir.
Diplomat onu da əlavə edib ki, hazırda Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumu Avstriya federal prezidenti Hayns Fişerin oktyabrın 11-12-də Azərbaycana rəsmi səfəri üçün hazırlıq xarakterli tədbirdir.
Səfir qeyd edib ki, hazırda iki ölkə arasında yalnız iqtisadi sahədə deyil, mədəniyyət, turizm və təhsil sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Bu sahələr üzrə bir neçə anlaşma memorandumu və digər sənədlərin imzalanması nəzərdə tutulur. Mayer-Kaybicin sözlərinə görə, hazırda Avstriya iş adamlarının Azərbaycanda investisiya yatırmaq istədikləri sahələr tədqiq edilir.
"Bu sahəyə infrastruktur və perspektivli turizm sahələri daxildir. Biz çalışırıq ki, bu sahələri daha da dəqiq öyrənək", - səfir qeyd edib.
Mayer-Kaybic əlavə edib ki, Azərbaycanda telekommunikasiya sahəsi yüksək templə inkişaf edir. "Azərbaycan milli peykinin buraxılması layihəsinə böyük diqqətlə yanaşırıq. Bu, çox böyük layihədir. Bundan əlavə, elektron hökumətin tətbiqi bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bu mövzu ilə bağlı sabah xüsusi müzakirə aparılacaq. Biz bu sahədə Azərbaycan tərəfi ilə bir çox məsələləri müzakirə edəcəyik", - səfir deyib.