...

Prezident İlham Əliyev Xaçmazda səfərdədir (FOTO)

Siyasət Materials 23 Sentyabr 2011 14:41 (UTC +04:00)
Prezident İlham Əliyev Xaçmazda səfərdədir
Prezident İlham Əliyev Xaçmazda səfərdədir (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Xaçmaz rayonuna səfərə gəlib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait barədə məlumat verildi. Qeyd edildi ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılmış və park salınıb. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.

Sonra Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində yenidənqurma işlərindən sonra Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.

Bildirildi ki, Xaçmazda 2005-ci ildə inşa edilmiş Heydər Əliyev Mərkəzində 2010-cu ildə əsaslı bərpa və yenidənqurma işləri aparılmışdır. Binanın dam hissəsi günbəz formasında yenidən inşa edilmiş, pəncərələri şəbəkə üslubunda düzəldilmişdir. Mərkəz bir zaldan, 6 guşədən və 3 əlavə otaqdan ibarətdir. Burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və eksponatlardan bir daha aydın olur ki, ulu öndər ölkəmizin beynəlxalq nüfuzunun, müstəqilliyinin möhkəmləndirilməsi üçün əvəzsiz işlər görmüşdür.

Prezident İlham Əliyevə məlumat verildi ki, Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan bölmələrdə ulu öndərin uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkillər, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrdə reallaşdırdığı tədbirlər, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatındakı quruculuq işlərindən bəhs edən materiallar toplanmışdır.

Ümummilli liderin respublikamıza rəhbərlik etdiyi müxtəlif illərdə ictimaiyyətin nümayəndələri, zəhmət adamları ilə görüşlərini, təhsil, mədəniyyət, səhiyyə, idman, ordu quruculuğu və neft strategiyasına göstərdiyi diqqət və qayğısını əks etdirən fotolar qiymətli eksponatlar sırasındadır. Bir sözlə, bu Mərkəz Heydər Əliyev irsinin təbliğində mühüm rol oynayacaq, həmçinin gənc nəslin dünyagörüşü, bilik və bacarığının artırılmasına hərtərəfli imkan yaradacaqdır.

Prezident İlham Əliyev Xaçmazda görülmüş işləri, rayonun görməli yerlərini əks etdirən şəkillərdən ibarət alboma baxdı.

Xəbər lenti

Xəbər lenti