...

Azərbaycan Prezidenti Qubada səfərdədir (FOTO)

Siyasət Materials 24 Sentyabr 2011 14:59 (UTC +04:00)
Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonuna səfərə gəlib.
Azərbaycan Prezidenti Qubada səfərdədir (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidenti abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış oldu. Məlumat verildi ki, ulu öndərin abidəsinin ucaldığı Heydər Əliyev adına mədəniyyət və istirahət parkı 1998-ci ildə ümummilli liderin 75 illik yubileyi ərəfəsində istifadəyə verilib. Ötən müddət ərzində park şəhər əhalisinin sevimli istirahət guşələrindən birinə çevrilib. Aparılan yenidənqurma işləri nəticəsində burada dekorativ gül və ağac kolları əkilib, yeni oturacaqlar quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb, yaşıllıq zolağı daha da genişləndirilib. Yol və keçidlərə 4,5 min kvadratmetr asfalt örtüyü, 9 min kvadratmetr əraziyə tamet plitə döşənib. Parkda ulu öndər Heydər Əliyevin abidəsinin yaxınlığında təbii və dekorativ daşlardan istifadə olunmaqla möhtəşəm şəlalə kompleksi yaradılıb.

Dövlətimizin başçısı Heydər Əliyevin abidəsinin müəllifi, Xalq Rəssamı, akademik Ömər Eldarov ilə görüşdü.

Bildirildi ki, ulu öndərin abidəsi Ukraynadan gətirilən qranitdən hazırlanıb. Parkın ərazisində ümummilli lider Heydər Əliyevin adının əbədiləşdirilməsi və onun əvəzolunmaz xidmətlərinin müasir gənclərə təbliğ etdirilməsi və gələcək nəsillərə çatdırılması üçün Heydər Əliyev Mərkəzi də inşa olunub.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Diqqətə çatdırıldı ki, milli memarlıq elementlərindən istifadə olunmaqla müasir tikinti texnologiyalarına uyğun inşa olunan dördmərtəbəli mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey fəaliyyət göstərir. Burada ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılıb. Ümummilli liderin irsinin gənc nəsillərə çatdırılması üçün mərkəzdə virtual tədris sinifləri, üç konfrans zalı, kompyuter mərkəzi, kitabxana var. Bundan əlavə mərkəzdə xarici dillər mərkəzi, 3D kinozalı, ədəbiyyat dərnəyi, kulinariya məktəbi, heykəltəraşlıq, xalça və rəsm studiyaları, fotostudiya da yerləşir. Burada gənc nəslin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına və onların bilik və bacarıqlarının daha yaxşı inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaq. Mərkəzdə yeməkxana, mətbəx, milli rəqs studiyası da yaradılıb.

Heydər Əliyev Mərkəzi ilə tanış olan dövlətimizin başçısı Quba rayon ictimaiyyəti nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən Habil Bayramov Qubaya göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti