...

Qafqazdakı "dondurulmuş" münaqişələr kommunikasiyalar üçün ciddi təhdiddir – millət vəkili

Siyasət Materials 11 Oktyabr 2011 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Qafqazdakı dondurulmuş münaqişələr kommunikasiyalar üçün ciddi təhdiddir. Trend-in məlumatına görə, bunu Milli Məclisdə GUAM PA ilə Baltik Assambleyasının (BA) "Sərhədlər üzərində əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransı çərçivəsində "Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik" mövzusunda tədbirə sədrlik edən millət vəkili Əli Məsimli çıxışında bildirib.

"Bizim regionumuzda hələ də həll olunmamış, dondurulmuş münaqişələr var. Bunlar bizə ciddi problemlər yaradır. Bunlar beynəlxalq kommunikasiyalar üçün ciddi təhdiddir və region ölkələrinin, xüsusilə də Azərbaycan və Gürcüstanın Avropaya inteqrasiyası üçün ciddi problemlər yaradır", - Məsimli deyib.

O qeyd edib ki, qloballaşan dünyada yeni çağırışlar meydana gəlib. "Bunlar beynəlxalq terrorizmdən, separatizmdən, münaqişələrdən, kütləvi qırğın silahlarının yayılması təhlükəsindən, qlobal iqlim dəyişikliyindən, humanitar fəlakətlərdən və enerji şantajlarından irəli gələn çağırışlardır. Bunlar bu və ya digər dərəcədə bizim regionumuza da təsir edir. Artıq regional təhlükəsizlik qlobal şkala ilə ölçülməyə başlayıb. Yerləşdiyimiz region geosiyasi cəhətdən qeyri-sabit regionlardandır", - millət vəkili bildirib.

Toplantıda Baltik Assambleyasının prezidenti, xanım Laine Randyarv deyib ki, Baltik ölkələri GUAM ölkələrinin əsl dostlarıdır. "Bu gün əsas məsələ təhlükəsizlik məsələsidir. SSRİ dağıldıqdan sonra regionda gərginlik kifayət qədər artdı. İndi biz birləşib bunu aradan qaldırmalıyıq", - o vurğulayıb.

Tədbirin sonunda "Sərhədlər üzərində əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransın yekunları ilə bağlı Qətnamənin qəbul olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti