...

DİN-in kollegiya iclası keçirilib

Siyasət Materials 12 Oktyabr 2011 17:52 (UTC +04:00)
Daxili İşlər Nazirliyində çərşənbə günü geniş Kollegiya iclası keçirilib.
DİN-in kollegiya iclası keçirilib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyində çərşənbə günü "Cinayət işlərinin istintaqı və təhqiqat zamanı qanunçuluğa riayət edilməsi, vətəndaşların şikayətlərini doğuran səbəb və amillərin aradan qaldırılması" və "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi" üzrə görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Trend-in DİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov qeyd edib ki, hər iki məsələ insan hüquq və azadlıqlarının təmini, ölkədə əməliyyat şəraitinə və cinayətlərin açılmasına təsiri baxımından əhəmiyyətli olmaqla bu istiqamətlərdə fəaliyyət daim nəzarətdədir. O deyib ki, daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizə və cinayət-mühakimə icraatının həyata keçirilməsi üzrə funksiyalarının icrasında başlıca rolu olan istintaq və təhqiqat aparatlarının işinin daha da təkmilləşdirilməsinə böyük önəm verilərək bu mühüm sahədə son illər bir sıra təşkilati tədbirlər həyata keçirilib.

Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev gündəlikdəki birinci məsələ ilə əlaqədar məruzə ilə çıxış edərək bildirib ki, 2010-cu ildə və cari ilin birinci yarısında DİN rəhbərliyinin nəzarətində olan 1785 müraciətə baxılıb, Baş İdarənin rəhbərliyi tərəfindən 1147 müraciət nəzarətə götürülüb, 726 vətəndaş qəbul edilərək qaldırılan məsələlərin həlli, şikayəti doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. Ötən bir il yarım müddətində daxili işlər orqanlarının müstəntiqləri tərəfindən cinayət işlərinin istintaqı zamanı əvvəllər qeydə alınmamış 115 cinayət faktı aşkar edilərək uçota qoyulub, keçmiş illərdən bağlı qalan 30 cinayətin istintaq yolu ilə açılması təmin edilib.

Ümumilikdə, göstərilən müddətdə müstəntiqlərin icraatında olmuş cinayət işlərindən 49 faizinin istintaqı tamamlanaraq 87 faizi ittiham aktı ilə məhkəməyə göndərilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə müəyyən edilmiş ziyanın 68 faizinin ödətdirilməsi təmin edilib.

Xəbər lenti

Xəbər lenti