...

Əli Həsənov: Azərbaycanın siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı təqdim etdiyi modeldə partiyaların seçkilərdə iştirakı əsas prinsip götürülüb

Siyasət Materials 13 Oktyabr 2011 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan tərəfinin siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı Venesiya Komissiyasına təqdim etdiyi modeldə partiyaların seçkilərdə iştirak məsələsi əsas prinsiplərdən biri kimi nəzərə alınıb. Lakin ayrılmış vəsaitlərin seçkidə iştirak edən partiyalar arasında bölünməsi metodikası ilə bağlı bir neçə variant var. Bu variantlar Venesiya Komissiyası ilə aparılan müzakirələrdən sonra açıqlanacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Venesiya Komissiyasının oktyabrın 14-15-də 88-ci plenar sessiyası keçiriləcək.

Həsənov deyib ki, bu gün o özü və Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini müzakirə etmək üçün Strasburqa yola düşürlər.

PA rəsmisinin sözlərinə görə, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi artıq hazırdır və Venesiya Komissiyasına göndərilib.

"Yəqin ki, 3-4 günə qanun layihəsinin müzakirəsi ordakı rəylər nəzərə alınmaqla yekunlaşacaq və parlamentə göndəriləcək. Hesab edirik ki, bu, zəruridir. Artıq Azərbaycan elə vəziyyətə çatıb ki, siyasi partiyaları maliyyələşdirmək gücünə malikdir. Siyasi partiyalar cəmiyyət həyatının əsas institutlarından biridir, hakimiyyətin formalaşdırılmasında, dövlət idarəçiliyində iştirak edir. Ona görə də düşünürük ki, bu institutları xarici və daxili asılılıqdan xilas etməyin zamanı çatıb və dövlət öz imkanlarından istifadə edərək partiyaların maliyyələşdirilməsini öz üzərinə götürə bilər. Partiyalar da maliyyələşməyə müvafiq olaraq yalnız Azərbaycan dövləti və dövlətçiliyi qarşısında öhdəliyə malik olmalıdır", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, dünya ölkələrində maliyyələşmə ilə bağlı müxtəlif variantlar var.

"Daha çox istifadə edilən model siyasi partiyaların seçkilərdə iştirakı və qazandığı səslərin miqdarı üzrədir. Bəzi ölkələr parlamentdə təmsilçiliyə görə maliyyələşməni müəyyən edir, bəzi ölkələr isə digər seçki strukturlarında iştirak və topladığı səslərin miqdarına görə müəyyən edir. Bütünlüklə dünya ölkələrinin 95-98 faizində siyasi partiyaların fəaliyyəti seçki ilə əlaqələndirilir. Seçkidə iştirak etməyən siyasi partiyaların dövlət maliyyələşdirilməsindən imtina edilir", - Həsənov deyib.

Onun sözlərinə görə, qanun layihəsi Milli Məclisdə müzakirə olunan zaman əlavə variantlar ortaya çıxacaq. "Hər halda elə edəcəyik ki, sözün həqiqi mənasında cəmiyyət həyatının formalaşmasında iştirak edən, ictimai inistitut kimi fəaliyyəti dövlət və dövlətçiliklə bağlı olan, Azərbaycan vətəndaşlarının maraqlarına xidmət edən partiyalar maliyyələşmədə təmsil olunsun", - PA rəsmisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti