Azərbaycan, Bakı, 8 noyabr /Trend/
Azərbaycanın millət vəkili Qənirə Paşayeva və ombudsman Elmira Süleymanova Qurban bayramı və 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə olublar. Onlar əsgərlərin andiçmə mərasimində iştirak edərək təbriklərini çatdırıblar.
Trend-in məlumatına görə, yeni xidmətə başlamış əsgərlər Vətənə sadiq olacaqlarına, layiqli xidmət edəcəklərinə and içiblər. Daha sonra əsgərlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva, ombudsman Elmira Süleymanova, Tovuz rayon İcra hakimiyyətinin başçısı Tofiq Zeynalov onları Qurban bayramı, Dövlət Bayrağı Günü və andiçmə münasibətilə təbrik edib, onlara Vətənə və valideynlərinə layiqli övlad olmalarını, vəzifə borclarını layiqincə yerinə yetirməyi arzulayıblar.
"Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah, gələn Qurban bayramını və Bayraq bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə qeyd edək", - millət vəkili Qənirə Paşayeva bildirib.
Ombudsman Elmira Süleymanova isə son illərdə ordumuzun inkişafından söhbət açıb. "Mən bu gün burada yüksək hazırlığa malik Azərbaycan Ordusunu görürəm. Bu, qəlbimizə bir inam toxumu səpir ki, qələbə günü uzaqda deyil", - o deyib.
Daha sonra kəşfiyyat bölüyünün əsgərlərinin nümunəvi çıxışları olub. Bundan sonra millət vəkili Qənirə Paşayeva və ombudsman Elmira Süleymanova xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr veriblər.
Tədbir daha sonra incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.