...

Ukrayna Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır - Ali Radanın spikeri

Siyasət Materials 10 Noyabr 2011 11:54 (UTC +04:00)
Ukrayna Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində sülh yolu ilə nizamlanması prosesinə kömək etməyə hazırdır. Bu barədə Ukrayna Ali Radasının sədri Vladimir Litvin bildirib.
Ukrayna Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır - Ali Radanın spikeri

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir S.Ağayeva/

Ukrayna Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində sülh yolu ilə nizamlanması prosesinə kömək etməyə hazırdır. Bu barədə Ukrayna Ali Radasının sədri Vladimir Litvin bildirib.

"Ukrayna Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsipləri əsasında istisnasız olaraq dinc yolla nizamlanmasına tərəfdardır", - Trend-in məlumatına görə, İnterfaks xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədri Vladimir Litvin Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovla Sankt-Peterburqdakı görüşündə bəyan edib. Görüş MDB Parlamentlərarası Assambleya Şurasının iclası çərçivəsində baş tutub.

Onun sözlərinə görə, Ukrayna ATƏT-in Minsk qrupu çərçivəsində, o cümlədən 2013-cü ildə Ukraynanın ATƏT-ə sədrliyi kontekstində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə kömək etməyə hazırdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Litvin öz həmkarını Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi münasibətilə təbrik edib və Azərbaycanın bu qisimdə fəaliyyətinin sülh və təhlükəsizliyin saxlanmasına yardım edəcəyinə əminliyini ifadə edib.

Ali Radanın rəhbəri onu da qeyd edib ki, öz növbəsində Ukrayna 2016-2017-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2015-ci ildə keçiriləcək seçkilərdə Azərbaycanın dəstəyinə ümid edir.

Litvin Ukrayna-Azərbaycan siyasi dialoqunun səviyyəsini yüksək qiymətləndirib və iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını qeyd edib. Onun sözlərinə görə, belə baxışı Ukrayna Prezidenti Viktor Yanukoviç və Baş nazir Nikolay Azarov da bölüşür.

Spiker habelə parlamentlərarası əməkdaşlığın intensivləşdirilməsinə tərəfdar olduğunu bildirib və beynəlxalq forumlarda Azərbaycan və Ukraynadan olan deputatların fəal tərəfdaşlıq etdiklərini qeyd edib.

Litvin bildirib ki, parlament rəhbərləri səviyyəsində əməkdaşlıq ikitərəfli əlaqələrin mühüm tərkib hissəsidir.

O, gələn il Bakıya səfər etməsindən şad olacağını qeyd edib.

Xəbər lenti

Xəbər lenti