Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir M.Əliyev /
Xəzəryanı ölkələrin sərhəd xidmətləri birgə təlim keçirəcəklər. Trend-in məlumatına görə, bu barədə Rusiya FTX-nin Regional Sərhəd İdarəsinin rəisi, general-polkovnik Nikolay Lisinski cümə günü Bakıda deyib.
"Yaxın vaxtlarda bu məsələ ilə bağlı Moskvada bütün beş ölkənin sərhəd idarələrinin rəhbərlərinin iştirakı ilə danışıqlar aparılacaq", - Lisinski deyib.
Onun sözlərinə görə, həmçinin Rusiya və Azərbaycanın sərhəd xidmətlərinin planlı təlimi mütləq keçiriləcək.
"Biz ikitərəfli əlaqələr formatından kənara çıxaraq Qazaxıstan, Türkmənistan və İranı da bu təlimlərə cəlb etmək fikrindəyik", - o deyib.
Lisinski bildirib ki, Azərbaycan və Rusiyanın sərhəd xidmətləri bu gün həm quruda, həm də Xəzər akvatoriyasındakı vəziyyətlə bağlı informasiya mübadiləsi aparırlar.
O qeyd edib ki, ölkələrimiz arasında hansısa fikir ayrılığı və mübahisəli məsələ yoxdur.