...

Argentina Milli Kitabxanasında Azərbaycan nəşrlərindən ibarət fond yaradılıb (FOTO)

Siyasət Materials 22 Noyabr 2011 10:00 (UTC +04:00)
Argentina Milli Kitabxanasında Azərbaycanla bağlı nəşrlərdən ibarət fondun yaradılması ilə əlaqədar təqdimat keçirilib.
Argentina Milli Kitabxanasında Azərbaycan nəşrlərindən ibarət fond yaradılıb (FOTO)

Azərbaycan, Bakı, 22 noyabr / Trend müxbir S.Ağayeva/

Argentina Milli Kitabxanasında Azərbaycanla bağlı nəşrlərdən ibarət fondun yaradılması ilə əlaqədar təqdimat keçirilib.

Azərbaycanın Argentinadakı səfirliyindən çərşənbə axşamı Trend-ə bildirilib ki, noyabrın 21-də Buenos-Ayresdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində akademik, ictimai və mədəni tədbirlər həftəsi başlayıb.

Tədbirlərdə iştirak üçün Argeninaya millət vəkilləri Mirkazım Kazımov, Asim Mollazadə və Ceyhun Osmanlı, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevdən ibarət nümayəndə heyəti səfər edib.

Bu çərçivədə ilk tədbir - Argentina Respublikası Milli Kitabxanasında Azərbaycanla bağlı nəşrlərdən ibarət fondun yaradılmasının təqdimat mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan səfir Məmməd Əhmədzadə Latın Amerikasının aparıcı elmi, intelektual və mədəni mərkəzlərindən birində - Argentina Milli Kitabxanasında Azərbaycan haqqında müxtəlif dillərdə çap olunmuş nəşrlərdən ibarət fondun yaradılmasını vacib hadisə kimi qiymətləndirib. Əhmədzadə Argentinada Azərbaycan haqqında nəşrlərdən ibarət ilk belə fondun yaradılmasının Azərbaycanın tarixi, mədəniyyəti, ənənələri, hazırkı reallıqları haqqında argentinalıların yaxından tanış olmasına töhfə verəcəyini bildirərək, fondun getdikcə daha da zənginləşdirilməsinə Səfirliyin daimi dəstək verəcəyini deyib.

Sonra Əhmədzadə fondun yaradılması üçün səfirlik tərəfindən Argentina Respublikası Milli Kitabxanasına hədiyyə kimi müxtəlif dillərdə nəşr edilmiş 100-dən artıq kitab, jurnal və materiallardan ibarət nəşrlərin siyahısını Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş "Azərbaycan" kitabı ilə birlikdə Milli Kitabxananın prezidenti, Argentinanın tanınmış sosioloqu və ictiami xadimi Horasio Qonzalesə təqdim edib. Öz tərəfindən Milli Kitabxanada Azərbaycanla bağlı belə bir fondun yaradılmasından məmnunluğunu ifadə edən Qonzales bunun məsafəcə bir-birinə uzaq olan Azərbaycan və Argentinanı yaxınlaşdıran simvolik amillərdən birinə çevriləcəyini və Azərbaycanın zəngin mədəni və tarixi irsini Argentinada tanıtmaqda faydalı olacağına əminliyini bildirib.

Argentinaya səfər etmiş Azərbaycan nümayəndə heyəti adından çıxış edən millət vəkili Asim Mollazadə Azərbaycanın tarixən müxtəlif sivilizasiyaların qovşağında yerləşən çoxmədəniyyətli ölkə olmasından, ölkəmizin qədim və zəngin tarixi-mədəni irsindən danışıb və bu gün də Azərbaycanın sivilizasiyalararası dialoqa, habelə Xəzər bölgəsi ilə Avropa arasındakı əməkdaşlığa verdiyi töhfə barədə məlumat verib.

Tədbirdə Argentinanın Milli Kitabxanasında yaradılan Azərbaycanla bağlı fonddakı nəşrlərin nümayişi, habelə Azərbaycanın görməli yerlərinin foto sərgisi və milli mətbəximizin nümunələri təqdim olunub.

Tədbirə Argentinanın elmi-mədəni, ictimai-siyasi dairələrinin, kütləvi informasiya vasitələrinin, Buenos-Ayresdə akkreditə olunan diplomatik korpusların nümayəndələri qatılıb.

Xəbər lenti

Xəbər lenti