Qazaxıstan, Astana, 23 noyabr /Trend, müxbir K.Konırova/
Rusiya nümayəndə heyəti Astanada keçirilən danışıqların nəticələrindən razıdır. Trend-in məlumatına görə, bunu Qazaxıstan paytaxtında keçirilən mətbuat konfransında Rusiya Prezidentinin həmsərhəd MDB ölkələri ilə dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Aleksey Qolovin bildirib.
"Biz bəzi bəndlər üzrə bir sıra məsələləri həll edə bildik və bu o deməkdir ki, biz məqsədə - Xəzər dənizinin statusu üzrə Konvensiyanın mətninin razılaşdırılmasına yaxınlaşırıq", - Qolovin deyib.
Türkmənistan Prezidenti yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin sədri Murad Atacanov Moskvada keçirilən danışıqlara müsbət qiymət verib. Çnüki əvvəllər mübahisəli hesab edilən bir sıra məsələlər razılaşdırılıb.
Noyabrın 22-23-də Astanada Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 30-cu iclası keçirilib.
Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.
1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.
2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.
Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.