Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Argentina Beynəlxalq Əlaqələr Şurası (CARI) arasında əməkdaşlıq və elmi mübadilə haqqında saziş imzalanıb.
Azərbaycanın Arfentinadakı səfirliyindən çərşənbə günü Trend-ə bildiriblər ki, saziş Buenos-Ayresdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar keçirilən akademik, ictimai və mədəni tədbirlər həftəsi çərçivəsində CARI-də təşkil olunmuş "Azərbaycan: müstəqilliyin bərpasından keçən 20 il ərzində" adlı konfransda imzalanıb.
Sənədi SAM-ın direktor müavini Gülşən Paşayeva və CARI-nin prezidenti Alberto Rodriqez Giavarini imzalayıblar.
Latın Amerikasının aparıcı beyin mərkəzlərindən olan CARI bu bölgədə xarici siyasət üzrə ən nüfuzlu tədqiqat və araşdırma institutu hesab olunur. İmzalanmış saziş müxtəlif beynəlxalq mövzular üzrə birgə tədqiqatların aparılması, akademik mübadilələrin həyata keçiriliməsi, konfrans və seminarların təşkilini nəzərdə tutur.
Sənədin imzalanmasından sonra aparılmış fikir mübadiləsi nəticəsində Azərbaycan-Argentina əməkdaşlığının Xəzər hövzəsi-Merkosur regionlarının bir-birinə yaxınlaşdırılması üçün mühüm amil ola biləcəyini qeyd edən tərəflər bu istiqamətdə SAM və CARI tərəfindən birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsini razılaşdırılıblar.