...

Ramiz Mehdiyev: Azərbaycan dövləti diaspor quruculuğu prosesinə xüsusi diqqətlə yanaşır

Siyasət Materials 25 Noyabr 2011 14:47 (UTC +04:00)
Azərbaycan və Rusiya müttəfiq ölkələrdir. Bunu cümə günü Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin III Qurultayında çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
Ramiz Mehdiyev: Azərbaycan dövləti diaspor quruculuğu prosesinə xüsusi diqqətlə yanaşır

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan və Rusiya müttəfiq ölkələrdir. Bunu cümə günü Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin III Qurultayında çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Mehdiyev çıxışında bildirib ki, bu müttəfiqlik münasibətlərinin formalaşmasında iki xalq arasındakı dostluq əlaqələrinin də payı var.

Onun sözlərinə görə, Azərbaycan dövləti diaspor quruculuğu prosesinə xüsusi diqqətlə yanaşır. PA rəsmisi bu ənənənin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirib.

Azərbaycanın iqtisadi inkişafının, beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edən Mehdiyev bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsiz Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində Rusiyanın göstərdiyi dəstəyin əhəmiyyətli olduğunu vurğulayıb. Rusiyada yaşayan azərbaycanlıların böyük potensiala malik olduğunu söyləyən PA rəhbəri ÜAK-ın ən böyük Azərbaycan diaspor təşkilatlarından biri olduğunu vurğulayıb.

Nitqini tamamladıqdan sonra Ramiz Mehdiyev ÜAK prezidenti Məmməd Əliyevin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edildiyini qeyd edib və medalı ona təqdim edib. Daha sonra Ramiz Mehdiyev Dünya Azərbaycanlılarının III Qurultayında üzürlü səbəblərə görə iştirak edə bilmədiklərinə görə təltif olunduqları medal və fəxri adları ala bilməyən Azərbaycan diasporunun tanınmış nümayəndələri Qod Nisanov və Moskvadakı "Dərviş" teatrının baş rejissoru Mərdan Feyzullayevə müvafiq olaraq "Tərəqqi" medalı və "əməkdar artist" fəxri adını və müvafiq vəsiqələri təqdim edib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Rəyasət Heyətinin "Ümumrusiya Azərbaycanlıları Konqresinin III Qurultayının çağırılması barədə" qərarına uyğun olaraq keçirilən qurultaya Rusiya Federasiyasının 72 regionundan 130 nümayəndə seçilib.

Qurultayın işində Azərbaycan Respublikası və Rusiya Federasiyasının yüksək səviyyəli dövlət nümayəndələri, Rusiyada yaşayan tanınmış azərbaycanlı ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri də qonaq qismində iştirak ediblər.

Azərbaycan Respublikasından Qurultayın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının şöbə müdirləri Zeynal Nağdəliyev, Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak ediblər.

Rusiya Federasiyası Prezident Administrasiyasının idarə rəisi, Administrasiya rəhbərinin müavini Sergey Vinokurov RF Prezidenti Dmitri Medvedevin Qurultay iştirakçılarına müraciətini oxuyub. Medvedev məktubunda Rusiya və Azərbaycan xalqlarını yüz illərlə bir-birinə bağlayan sıx dostluq və etimad əlaqələrinin olduğunu söyləyib.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu qurultay iştirakçılarına oxuyub. Məktubda Azərbaycan Prezidenti Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişafından danışıb.

Qurultayda ÜAK-ın 136 nəfərdən ibarət Mərkəzi Şurası, 7 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası seçilib.

Qurultay işini başa çatdırdıqdan sonra Qurultay nümayəndələrinin iştirakı ilə ÜAK-ın Mərkəzi Şurasının yenin tərkibinin iclası keçirilib. Məmməd Əliyev yenidən ÜAK-ın prezidenti seçilib. Mərkəzi Şura ÜAK-ın 31 nəfərdən ibarət İdarə Heyətinin tərkibini seçib. Mərkəzi Şuranın iclasında Mikayıl Hüseynov Ümumrusiya Azərbaycanlıları Konqresinin baş katibi seçilib.

Xəbər lenti

Xəbər lenti