...

İraq hakimiyyəti vitse-prezident əl-Haşiminin həbsinə order verib

Siyasət Materials 20 Dekabr 2011 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

İraq hakimiyyəti ölkənin vitse-prezidenti Tarik əl-Haşiminin həbsinə order verib. O, "terror fəaliyyətində" əli olmaqda şübhəli bilinir. Trend-in məlumatına görə, bu barədə Frans Press agentliyi İraqın təhlükəsizlik xidməti nümayəndəsinə istinadən xəbər verir.

Bir müddət əvvəl xəbər verilmişdi ki, terrorizmlə əlaqəli bəzi məsələlər mövcud olduğuna görə Tarik əl-Haşimiyə və onun bir neçə cangüdəninə xaricə getməyə qadağa qoyulub.

"Beş nəfərdən ibarət Hüquq komitəsi antiterror qanunvericiliyinə uyğun olaraq, Tarik əl-Haşiminin həbsinə order yazıb", - İraqın təhlükəsizlik xidməti nümayəndəsi agentliyə bildirib. Xəbəri RİA Novosti yazır.

İraqın məhkəmə hakimiyyətindəki mənbələr də orderin verilməsi faktını təsdiqləyiblər.

KİV əl-Haşiminin izlənməsini ABŞ qoşunlarının İraqdan çıxmasından sonra ölkədə başlayan siyasi böhranla əlaqələndirir.

Dünən İraqın Baş naziri Nuri əl-Maliki ölkə parlamentinə televiziyanın efirində onu "Səddam Hüseyndən pis diktator" adlandıran müavini Saleh Mütləqin səlahiyyətlərindən məhrum edilməsi təklifi ilə müraciət edib.

Bu insident İraqda siyasi mübarizənin kəskinləşməsi fonunda baş verib. Sünnilərin dəstəklədiyi İraqın keçmiş baş naziri Əyyad Əllauinin Əl-İraqiyyə Partiyasının koalisiyası ölkə parlamentində işini dayandıraraq Nazirlər Kabinetinin hazırkı başçısını hakimiyyəti qəsb etməkdə günahlandırıb.

Partiya koalisiyası əl-Malikini hakimiyyətin formalaşdırılması ilə bağlı əvvəllər verdiyi vədlərdən imtina etməkdə, eləcə də indiyədək bir neçə naziri hələ də təyin etməməkdə günahlandırıb. Belə ki, artıq bir ildir müdafiə naziri postu boşdur.

2010-cu ilin martında İraqda keçirilən parlament seçkilərində Əllauinin rəhbərlik etdiyi Əl-İraqiyyə Partiyası qalib gələrək 325 yerdən 91-ni qazanıb. Lakin bu, hökumətin formalaşdırılması üçün yetərli olmayıb.

İraqda şiələrlə sünnilər arasında münasibətlər 2003-cü ildə ABŞ ordusunun ölkəni işğal etməsindən və Səddam Hüseyn rejiminin devrilməsindən sonra kəskinləşib. Tərəflər dəfələrlə bir-birlərinə qarşı çoxsaylı qurbanlara gətirib çıxaran terror aktları törədiblər.

Qeyd edək ki, İraqın Baş naziri Nuri əl-Maliki şiədir. Onun müavini Mütləq və vitse-prezident əl-Haşimi isə islamın sünni təriqətinə etiqad edirlər.

Xəbər lenti

Xəbər lenti