...

Azərbaycanda siyasi partiya rəhbərləri "ana" müxalifət məsələsini əsassız sayır

Siyasət Materials 27 Dekabr 2011 16:09 (UTC +04:00)
Müxalif Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev hansısa partiyanın "ana" müxalifət olmaq istəyini əsassız hesab edir.
Azərbaycanda siyasi partiya rəhbərləri "ana" müxalifət məsələsini əsassız sayır

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın bəzi siyasi partiya rəhbərləri hansısa partiyanın "ana" müxalifət olmaq istəyini əsassız sayır.

"Kiminsə istəyi ola bilər, kimsə özünü hamıdan yüksək saya bilər, ancaq "ana" müxalifət statusu seçkidən sonra rəsmi olaraq ikinci yeri tutmuş partiyaya layiqdir", bunu çərşənbə axşamı Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda 2010-cu ildə keçirilən parlament seçkilərində kiminsə səsləri çox yığaraq "ana" müxalifət statusu alması müşahidə olunmayıb.

Son zamanlar bir sıra mətbuat orqanlarında gedən məlumatlardan məlum olur ki, bəzi partiya liderləri öz partiyalarını "ana" müxalifət etmək istəyir.

Məsələyə münasibət bildirən Azadlıq Partiyasının sədri Əhməd Oruc isə Trend-ə bildirib ki, hazırda özünü müxalifət sayanların "ana"lıq yaşları ötüb, artıq "nənə" müxalifət olmaları daha uyğundur.

"Ana" müxalifət dünya praktikasında hakimiyyətdə olan partiyadan sonra ən çox səs toplayan, yəni hakimiyyətə iddialı olan partiyaya deyilir. O da həmişə normal seçkilərdən sonra bəlli olur ki, hakimiyyətə iddialı partiya hansıdır və partiyanın hakimiyyətə iddialılığı ictimai rəy tərəfindən də, cəmiyyət tərəfindən də müəyyənləşdirilir. Azərbaycanda kimin "ana", kimin "nənə" müxalifət olmasını müəyyənləşdirmək çox çətindir", - Oruc qeyd edib.

Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Trend-ə bu barədə danışarkən Azərbaycanda ad uğrunda, siyasi terminlərin təyini uğrunda, müəyyən bir sifətləri özündə təlqin etmək uğrunda mübarizə getməsini və bunun heç bir mənası olmadığını bildirib.

Onun sözlərinə görə, "ana" müxalifət siyasi bir termindir və yalnız parlamentdaxili bir anlayışdır.

Xəbər lenti

Xəbər lenti