Azərbaycan, Bakı, 9 yanvar/Trend, müxbir E.Mehdiyev /
ATƏT-in yeni sədri, İrlandiya Baş nazirinin müavini İmon Gilmor yanvarın 12-də Vyanada ATƏT Daimi Şurasının iclasında İrlandiyanın təşkilata sədrliyinin prioritetlərini təqdim edəcək.
Həmin prioritetlərə münaqişələrin nizamlanmasında və rəqəmsal texnologiyalar dövründə KİV və söz azadlığı, eləcə də ATƏT-in 56 iştirakçı ölkəsi arasında əməkdaşlığın möhkəmləndirilməsi daxildir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi təşkilatın saytında bildirilir.
Yanvarın 1-dən ATƏT-in illik sədrliyi Litvadan sonra İrlandiyaya keçib. Ukrayna sədrliyi 2013-cü ildə qəbul edəcək.
Daimi Şura ATƏT-in əsas müntəzəm direktiv orqanlarından biridir. Şura hər həftə Vyanada ATƏT regionundakı hadisələrin müzakirəsi və qərarların qəbul edilməsi üçün çağırılır.