...

İlham Əliyev "İmamzadə" kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub (FOTO)

Siyasət Materials 21 Yanvar 2012 14:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Gəncədəki "İmamzadə" kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub.
İlham Əliyev "İmamzadə" kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Gəncədəki "İmamzadə" kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlətimizin başçısı kompleksin eskiz layihələri ilə tanış oldu.

Məlumat verildi ki, kompleksin yerləşdiyi 2 hektardan çox ərazidə indiyədək xeyli iş görülüb. On min kvadratmetrdən çox əraziyə asfalt örtüyü salınıb, 4 min 400 poqonmetr bəzəkli səki daşları döşənib. Hazırda ərazidə uzunluğu 100, eni 15 metr olan sahədə dini ayinlərin icra edilməsi üçün müxtəlif tikililər inşa edilir, müasir işıqlandırma sistemi quraşdırılır. Layihə üzrə nəzərdə tutulan 36 günbəz artıq inşa edilib, 5 böyük günbəzin quraşdırılması isə başa çatmaq üzrədir. Dövlətimizin başçısının müvafiq sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılan 3 milyon manat vəsait hesabına həyata keçirilən təmir-bərpa və tikinti işləri yüksək keyfiyyətlə icra olunur.

Bildirildi ki, "İmamzadə", yaxud "Göy imam" türbəsi VIII əsrə aid tarixi abidədir. Burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub. "İmamzadə" türbəsinin tikintisi XIV əsrin sonu-XV əsrin əvvəllərinə təsadüf edir. Ətrafındakı məscid, sərdaba və digər türbələr isə XVII-XVIII əsrlərdə inşa edilib. Bütün bu tikililər əzəmətli dini-tarixi kompleks kimi bu günədək qorunub saxlanıb. Müxtəlif vaxtlarda dağıntılara məruz qalan "İmamzadə" kompleksi sonuncu dəfə XIX əsrdə bərpa edilib. Buna görə də kompleksdə bərpa işlərinə ehtiyac duyulurdu. Prezident İlham Əliyevin kompleksin bərpası ilə bağlı imzaladığı sərəncam isə bu baxımdan tarixi əhəmiyyətə malikdir.

Qeyd edildi ki, orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan bu kompleks Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. "İmamzadə" əsrlərdən bəri Azərbaycandan, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini mərkəz Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir.

Dövlətimizin başçısı kompleksdə işlərin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti