Azərbaycan, Bakı, 28 fevral / Trend müxbir K.Zərbalıyeva/
Bakıda Azərbaycan və Rumıniya arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, fevralın 28-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rumuniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanı qəbul edib.
Ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nazir Səfər Əbiyev bölgədə hərbi-siyasi duruma da toxunub. Azərbaycan torpaqlarının bu günədək işğal altında qaldığını qonağın diqqətinə çatdıran nazir Minsk Qrupunun fəaliyyətin də konkret nəticə vermədiyindən təəssüfləndiyini bildirib.
Görüş zamanı Yulian Fota Rumuniya və Azərbaycan arasında mövcud strateji əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduqlarını ifadə edib. Qonaq həmçinin
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti ilə bağlı Azərbaycanın probleminə yaxından bələd olduğunu da vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası prezidentinin müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev və Rumuniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu iştirak edib