Azərbaycan, Bakı, 29 fevral / Trend/
Azərbaycanla Rusiya arasında Qəbələ radiolokasiya stansiyasından istifadəyə görə icarə müddətinin uzadılması üzrə danışıqlar konstruktiv keçir. Trend-in məlumatına görə, bu barədə "İnterfaks-ABN" agentliyinə çərşənbə günü müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.
"Qəbələ ilə bağlı danışıqlar davam etdirilir, onların ilk mərhələsi çox konstruktiv keçib. Rusiya nümayəndə heyətinin danışıqları davam etdirmək üçün gələ biləcəyi vaxtı yaxın vaxtlarda biz azərbaycanlı həmkarlarımızla müəyyən edəcəyik", - Antonov deyib. O, KİV-də RF ilə Azərbaycan arasında danışıqların Bakının icarə haqqının 7 milyon dollardan 300 milyon dollara çatdırmaqla bağlı Rusiya tərəfi üçün əlverişsiz şərti üzündən dalana dirənməsi barədə məlumatı bu cür şərh edib.
Azərbaycanın Qəbələ rayonunun yaxınlığında yerləşən Qəbələ RLS SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi olub. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı gözlənilməz hadisələrə baxmayaraq, stansiyadan istifadəni davam etdirib.
RLS-in icarəsi haqqında onillik saziş 2002-ci ildə imzalanıb.
Əvvəllər RF Müdafiə Nazirliyi Qəbələ RLS-in icarə müddətinin 2025-ci ilə qədər uzadılması üzrə Azərbaycanla danışıqların aparıldığı barədə məlumat verib. Qəbələ RLS-in icarə və istifadə şərtləri haqqında sazişin müddəti 2012-ci il dekabrın 24-də başa çatır.