Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Parlamentinin deputatı Etibar Hüseynov SSRİ rəhbəri Mixail Qorbaçovdan Nobel mükafatının alınması ilə bağlı Norveç Nobel Komitəsinin sədri Torbyorn Yanqlanda, Norveç parlamentinin sədri Daq Terye Andersenə, İsveç Kralı XVI Karl Qustava və Norveç Kralı V Harolda müraciət edib.
Trend-in məlumatına görə, müraciətdə qeyd olunur ki, Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsi bu mötəbər mükafatın adına bir ləkədir.
"Mən Azərbaycanın paytaxtı Bakı şəhərindən ölkə parlamentinə secilmiş millət vəkiliyəm. Bakı şəhəri 100 ildən artıq bir müddətdir ki, dünyada öz nefti ilə məhşurdur. Ayrı-ayrı dövrlərdə Avropanın bir sıra neft maqnatları bu şəhərdə uzun müddət calışmış və fayda götürmüşlər. Bu qəbildən hətta sizlərin əcdadlarınız sayılan Alfred, Lüdviq və Robert Nobeller də 1879-cu ildə Bakıda "Nobel qardaşları" şirkətini yaradıb və təxminən 40 il ərzində ona rəhbərlik ediblər. Bu gün dünyanın ən mötəbər mükafatlarından sayılan Nobel mükafatının 12 faizini məhz Nobel qardaşlarının Bakıdakı müştərək şirkətindən əldə olunan gəlir təşkil edir. Bu da əlbəttə ki, bizləri də sevindirən bir məlumatdır. Bakıda yaşayıb və işlədikləri dövrlərdə Nobel qardaşları bir sıra xeyriyyəçilik işləri ilə də məşğul olublar ki, bu da paytaxt sakinləri tərəfindən indinin özündə belə xoş bir xatirə kimi anılmaqdadır. Elə ona görə də Nobel qardaşlarının adları Bakıda əbədiləşdirilib. Onların adını daşıyan park, küçə, prospekt, o cümlədən ev muzeyi bakılıların daim hörmətlə ziyarət etdikləri məkanlardan sayılır. Öz vətənlərindən kənarda Nobellərə bu qədər hörmət və diqqət göstərmış başqa bir ölkə və ya xalqın olmasına inanmıram", - müraciətdə qeyd olunur.
Müraciətdə millət vəkili vurğulayıb ki, çox təəsüflər olsun ki, həmişə öz tolerantlığı və qonaqpərvərliyi ilə seçilən Bakı şəhəri 1990-cı ilin 20 yanvar günü dünyanın xəbər gündəminə ağır faciə ilə gəldi. Həmin gün SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə hərbi texnika və müxtəlif qoşun növləri heç bir xəbərdarlıq edilmədən şəhərə yeridildi və azadlıq və demokratiya tələbi ilə dinc aksiya keçirən vətəndaşlara qarşı amansız terror həyata keçirdi. Bu hadisələr zamanı 131 nəfər öldürüldü, 744 şəxs yaralandı, 328 nəfər əlil oldu, 841 nəfər isə qanunsuz həbs olundu. Həlak olanların arasında müxtəlif millətlərin nümayəndələri, qadınlar, uşaqlar və qocalar, öz qulluq vəzifələrini sona qədər fədakarlıqla yerinə yetirən təcili yardım işçiləri və polislər olub. Bakının zəbt edilməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olunub. Beynəlxalq hüquq normaları tərəfindən qadağan olunmuş yandırıcı güllələrdən dinc əhaliyə qarşı istifadə olunması, mülki əhalinin əmlakının məvh edilməsi bunu bir daha sübut edir.
"20 yanvar hadisələrinin əsas episentri mənim deputat seçildiyim əraziyə - Yasamal rayonuna təsadüf edir. Bu ərazidən 40 nəfər həmin hadisələr zamanı şəhid olub, onlarla insan isə yaralanıb və əlil olub. Onların arasında ayrı-ayrı millətlərin nümayəndələri də var idi. Şəhid olan insanlardan biri də yenicə ailə həyatı qurmuş İlham Allahverdiyev idi. Onun ölüm xəbərini alan həyat yoldaşı Fərizə buna dözməmiş və zəhər içərək özunə qəsd etmişdir. Halbuki, o, bir neçə gündən sonra ana olmağa hazırlaşırdı. Bəli cənablar, təəssüflər olsun ki, bütün bu söylənilənlər Böyük Şekspirin dünyaca məhşur əsərindən bir hissə deyil, 20 yanvar günü Azərbaycan xalqının yaşadığı canlı dramdan bir fraqmentdir", - müraciətdə qeyd olunur.
Hüseynov bildirib ki, artıq bir əsrdən artıq müddət ərzində dünyanın ən mötəbər mükafatlarından biri hesab olunan Nobel mükafatı bir sıra sahələrdə, o cümlədən sülhün dəstəklənməsi sahəsində mühüm nailiyyətlər əldə etmiş, Nobel mükafatının özündə təcəssüm etdirdiyi fundamental dəyərləri, xüsusilə, sülh məramını bölüşən, Alfred Nobelin vəsiyyətnaməsində qeyd olunduğu kimi, xalqlar arasında dostluğu təşviq edən və sülhyaratma prosesində iştirak edən insanlara təqdim olunur.
"Lakin 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görülmüş SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov haqqında bunu demək mümkün deyil. Onun vicdanı yüzlərlə vətəndaşının qanına boyanıb. Yüzlərlə insan şikəst olub, minlərlə insanın taleyi məhv olub, ev-eşiyindən, doğma torpağından, vətənindən didərgin düşüb. Keçmiş sovet xalqları, xüsusilə də Azərbaycan xalqı hələ də onun törətdiyi cinayətlərin və xəyanətlərin acı nəticələrini yaşayır", - müraciətdə deyilir.
Hüseynov müraciətdə vurğulayır ki, SSRİ Federasiya subyektlərində demokratik ideallar və milli azadlıq uğrunda mübarizə aparan hərəkatları yatırmaq, Sovet imperiya hakimiyyətini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq məqsədilə SSRİ məkanında indiyə qədər də həllini tapmamış etnik münaqişələrin yaranmasına rəvac verən, 1986-cı il dekabrın 17-18-də Qazaxıstanın paytaxtı Alma-Atada, 1989-cu il aprelin 9-da Gürcüstanın paytaxtı Tbilisidə, 1990-cı il yanvarın 20-də Azərbaycanın paytaxtı Bakıda, 1990-cı ilin yanvarında Tacikistanın paytaxtı Düşənbədə, 1991-ci il yanvarın 13-də Litvanın paytaxtı Vilnüsdə, 1991-ci il yanvarın 20-də Latviyanın paytaxtı Riqada dinc vətəndaşların güllələnməsi əmrini verməklə insanlıq əleyhinə cinayət törətmiş Qorbaçov Nobel mükafatının simvolizə etdiyi sülhpərvərlik və xoş məramlılıq kimi ümumbəşəri dəyərləri kobudcasına pozub. O, sovet ordusunun törətdiyi cinayətlərə görə dövlət başçısı və ali baş komandan kimi məsuliyyət daşıyır.
"Bu, əslində sovet rəhbərliyinin SSRİ-ni təşkil edən və müstəqillik uğrunda mübarizəyə qalxmağa cürət edən xalqlara qarşı xəyanəti və amansız qisası idi. Bütün repressiya və qorxu siyasətinə, tökülən günahsız qanlara baxmayaraq, M.Qorbaçov və sovet rəhbərliyi SSRİ-ni qoruyub saxlaya bilmədi. Milli respublikalar öz istiqlallarını əldə etdilər. Lakin çox təəssüf ki, nə M.Qorbaçov, nə də həmin qətliamların icraçıları indiyə qədər məsuliyyətə cəlb olunmayıb. Qorbaçov başda olmaqla onlar nəinki həmin xalqlardan üzr istəməyib, hətta öz əməllərinə həyasızcasına bəraət qazandırmağa çalışıblar. Sizcə, belə bir şəxsi Nobel dəyərlərini bölüşən bir insan, rəhbər və ictimai xadim hesab etmək olarmı? Bu, böyük ictimai xadim Alfred Nobelin ruhuna və vəsiyyətinə hörmətsizlik deyilmi?" - millət vəkili qeyd edib.
O, müraciətdə bildirib ki, Azərbaycan xalqı mehriban, sülhsevər və istedadlıdır. Azərbaycan xalqı dünyaya bir sıra görkəmli yazıçı, alim, siyasətçi bəxş edib. Bu gün Nobel mükafatçıları sırasında bizim xalqın nümayəndəsi hələlik yoxdur.
"Biz buna təbii baxırıq. Lakin buna qətiyyən şübhəmiz yoxdur və ümidvarıq ki, nə vaxtsa bu şərəfə mütləq nail olacağıq. Amma bununla bərabər hesab edirik ki, tək Azərbaycanda deyil, o cümlədən keçmiş SSRİ ərazisində əlləri yüzlərlə dinc və heç bir günahı olmayan insanın qanına bulaşmış, milyonlarla insanları qaçqına çevirmiş Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsi də bu mötəbər mükafatın adına bir ləkədir. Ümid edirik ki, Nobel ailəsi ilə Bakı arasında tarixi bağları nəzərə alaraq, hər zaman bu mükafatın beynəlxalq nüfuzunun keşiyində dayanan Nobel Fondu, Nobel mükafatının verilməsinə görə məsul təsisatlar SSRİ-nin keçmiş prezidenti və ali baş komandanı M.Qorbaçovun əmri ilə 1990-cı il yanvarın 19-20-də Bakıda qətlə yetirilmiş yüzlərlə insanın xatirəsinə hörmət olaraq bu mükafatı M.Qorbaçova münasibətdə geri çağıracaq. Dünya ictimaiyyəti onun əsl simasını görərək onu tarixin gözündə lənətləyəcək. Bununla, soyuq məzarlarda uyuyan və əbədiyyətə qovuşan günahsız insanların ruhu nəhayət ki, sakitlik tapacaq", - Hüseynov müraciətdə qeyd edib.