...

Azərbaycanın birinci xanımı ilə Fransanın mədəniyyət və kommunikasiya naziri Müasir İncəsənət Muzeyində olublar (FOTO)

Siyasət Materials 9 Mart 2012 18:13 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran cümə günü Müasir İncəsənət Muzeyində olublar.
Azərbaycanın birinci xanımı ilə Fransanın mədəniyyət və kommunikasiya naziri Müasir İncəsənət Muzeyində olublar (FOTO)

Azərbaycan, Bakı, 9 mart /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran cümə günü Müasir İncəsənət Muzeyində olublar.

Fransanın mədəniyyət və kommunikasiya naziri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa edib.

Qonağa məlumat verilib ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bu günədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanıb.

Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanov və bir çox digər tanınmış fırça ustası və heykəltəraşının əsərləri ilə tanış olub.

Fransanın mədəniyyət və kommunikasiya nazirinə bildirilib ki, muzeyin Qərbi Avropa incəsənəti salonunda Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri nümayiş etdirilir.

Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir. Muzeydə 800-dək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunəsi nümayiş etdirilir.

Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitterana Müasir İncəsənət Muzeyinin kataloqu təqdim olunub.

Frederik Mitteran muzeyin əməkdaşlarına təşəkkürünü bildirərək buradan zəngin təəssüratlarla ayrılıb.

Xəbər lenti

Xəbər lenti