...

Azərbaycanda Seçki Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edildi

Siyasət Materials 20 Aprel 2012 13:12 (UTC +04:00)
Azərbaycan Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib.
Azərbaycanda Seçki Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edildi

Azərbaycan, Bakı, 20 aprel / Trend müxbir M.Əliyev/

Azərbaycan Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib.

Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında Məcəlləyə edilən dəyişikliyə görə, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatlar qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edilməlidir (mövcud qanunvericilikdə bu müddət 48 saat müəyyən edilib).

Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. Təklif olunan dəyişikliyə görə, hər bir şikayət üzrə qərar həm də səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq) dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.

Mövcud qanunvericilikdə qeyd olunub ki, seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində baxmalıdırlar. Yeni təklifə görə, seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizəsinə isə dərhal baxmalıdırlar.

Parlamentin iclasında Seçki Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı həmçinin İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə də əlavə və dəyişikliklər edilib.

Qanun layihəsində daha sonra təklif olunub ki, ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq müvafiq seçki komissiyasının qərarı ilə birlikdə dərc olunur (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir. Mövcud qanunvericilikdə bu müddət 24 saat müəyyən edilir.

Dəyişikliyə görə, referendum yolu ilə qəbul olunmuş qərar və referendumun yekunları haqqında rəsmi elan referendum yolu ilə qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilir. Mövcud qanunvericilikdə bu müddət 20 gün müəyyən edilib.

Digər dəyişikliyə görə, Mərkəzi Seçki Komissiyası seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində Azərbaycan Respublikası üzrə bələdiyyə seçkilərinin yekunlarını elan edir. Mövcud qanunvericilikdə bu müddət 30 gün göstərilir.

Xəbər lenti

Xəbər lenti